Bakı şəhərinin Nizami, Nərimanov, Sabunçu rayonlarında, eyni zamanda Xaçmaz, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
O bildirib ki, araşdırma zamanı Nizami rayonu ərazisində “Xəzər İnşaat XXI Əsr” MTK-ya, Nərimanov rayonu ərazisində “Sizin Yurd” MMC-yə, Sabunçu rayonunda vətəndaş Sevinc Aslanovaya, Xaçmaz rayonunda vətəndaş Çigali Yüzbəyliyə, Ağdam rayonunda isə vətəndaş Bəxtiyar Hüseynova məxsus ərazilərdə ağacların kəsildiyi və təbiətə ümumilikdə 72420 manat məbləğində ziyan dəydiyi məlum olub: "Faktlarla bağlı akt tərtib edilib və yaşıllıqlara dəymiş ziyanın məbləği hər bir fakt üzrə cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.