Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyasında Azərbaycan pavilyonunda “Su-bataqlıq əraziləri: iqlim riskləri və həlli” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ramsar Konvensiyası (Su-Bataqlıq Əraziləri Haqqında Konvensiya) Katibliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə su-bataqlıq əraziləri üzrə Konvensiyanın, Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri çıxış edib.
Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini, BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi Umayra Tağıyeva Azərbaycanda su-bataqlıq ərazilərinin və bioloji müxtəlifliyin qorunması sahəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Panel sessiyalarda davam edən tədbirdə iqlim dəyişikliklərinin su-bataqlıq ərazilərinə və bioloji müxtəlifliyə təsirlərinin azaldılması istiqamətində yerli və beynəlxalq mütəxəssislər tərəfindən məruzələr dinlənilib, regional əməkdaşlığın, təcrübə mübadiləsinin rolu vurğulanıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.