​Bakının Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirib

​Bakının Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirib Aksiyada "ADA" Universitetinin tələbələri, Avropa Oyunlarının səfirləri və Bakı əhalisi iştirak edib
Ekologiya
17 Mart , 2015 14:38
​Bakının Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Bakı. 17 mart. REPORT.AZ/ "ADA" Universitetinin tələbələri, “Coca-Cola” şirkətinin nümayəndələri, Avropa Oyunları 2015-in səfirləri və paytaxt sakinləri Novruz bayramının ilaxır çərşənbə axşamında ali təhsil müəssisəsinin yaxınlığında yerləşən Dədə Qorqud parkında ağacəkmə aksiyasını həyata keçirmək üçün bir araya gəlib. Sözügedən ağacəkmə aksiyası "ADA" Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Ağac Əkək, Təbiətə Töhfə Verək” layihəsinin bir hissəsidir.

Ötən ilin fevral ayında başlayan layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Layihə çərçivəsində 2014-cü ildə Ələt qəsəbəsində Salyan şossesi boyunca 9 hektarlıq qeyri-məhsuldar torpaqda 8 mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq daha 20 min ağacın əkilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. Layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan istifadə olunur ki, bu da öz növbəsində ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasına əhəmiyyətli təsir göstərəcək.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən "ADA" Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib: “Bu tədbir “Coca-Cola”, "ADA" Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığının ölkəmizi gözəlləşdirəcək daha bir “yaşıl nəticə”sidir”.

Öz növbəsində “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel qeyd edib: “Novruz kimi möhtəşəm bayramın bir hissəsi olmaq “Coca-Cola” üçün şərəfdir. Məlumdur ki, Novruzda ağac əkmək adəti mövcuddur. Məhz bu səbəbdən “Coca-Cola” şirkəti olaraq, Azərbaycan üçün özəl bir bayram sayılan Novruz ərəfəsində tərəfdaşlarımız "ADA" Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə belə bir təşəbbüslə çıxış edərək fərəh hissi duyuruq. "Bakı 2015" Avropa Oyunlarının səfirləri, o cümlədən Azərbaycan yığma komandasının üzvlərinin bu tədbirdə iştirakı və ağacəkmə aksiyasına ictimai şəkildə dəstək göstərməsi sevindirici haldır”.

Festivalda iştirak edən Tünzalə Ağayeva vurğulayıb: ”Novruz ərəfəsində ağacəkmə aksiyasının baş tutması çox gözəl bir təşəbbüsdür və mən əminəm ki, başlanğıcını qoyduğumuz bu ənənənə ildən-ilə daha da böyüyəcək. “Coca-Cola” şirkəti və "ADA" Universitetinin birgə həyata keçirdiyi “Ağac Əkək, Təbiətə Töhfə Verək” layihəsi ölkəmizin təbiətinə 100 min ağac bəxş edəcək və bu, təqdirəlayiq bir ideyadır. Bu cür təşəbbüsün bir hissəsi olmaq mənim üçün sevindiricidir. “Coca-Cola” və MOK-un birgə həyata keçirdiyi “Fəal Ailəm, Sağlam Aləm” layihəsinin səfiri olaraq “Coca-Cola” şirkətinin ölkəmizdə müxtəlif miqyaslı layihələr reallaşdırmasına çox şadam”.

“Ağac Əkək, Təbiətə Töhfə Verək” layihəsi çərçivəsində Dədə Qorqud parkında keçirilən ağacəkmə aksiyası cəmiyyətdə sosial məsuliyyət prinsipinin təbliğinin, eləcə də “qızıl üçlük” (dövlət, biznes və vətəndaş cəmiyyəti) fəlsəfəsinə əsaslanan layihənin simvolik başlanğıcıdır. Layihə həmçinin bir-birinə yaxın ərazidə yerləşən bir neçə qurumun təbiəti qorumaq və ona fayda vermək üçün bir araya gəlməsini təmin edərək mehriban qonşuluq prinsipinə töhfə verir.

Son xəbərlər

Orphus sistemi