Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası çərçivəsində yaradılmış Xüsusi İşçi Qrupun ilk iclası keçirilir.
"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov məlumat verib.
Onun sözlərinə görə, ETSN-də keçirilən tədbirdə Xəzəryanı ölkələrin xarici işlər və ətraf mühit nazirliklərinin səlahiyyətli nümayəndələri, həmçinin Konvensiya katibliyi funksiyalarını yerinə yetirən BMT-nin Ətraf Mühit Proqramının Avropa Regional Ofisinin əməkdaşları iştirak edirlər: "Hazırda Azərbaycan tərəfi Konvensiyanın Tərəflər Konfransına sədrlik edir, tərəflər Konvensiya katibliyinin regionda yerləşdirilməsi ilə bağlı institusional mexanizmlərin razılaşdırılması üçün müzakirələr aparır, ekspertlər tərəfindən müvafiq sənədlər hazırlanır".
Xatırladaq ki, Xüsusi İşçi Qrupun yaradılması bu il sentyabrın 21-22-də İsveçrənin Cenevrə şəhərində keçirilən Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşündə qərara alınıb.