Bakıda vəhşi quşu qanunsuz saxlayan şəxs cərimələnib

Bakıda vəhşi quşu qanunsuz saxlayan şəxs cərimələnib Qanun pozucusu 500 manat məbləğində cərimə edilib
Ekologiya
11 Oktyabr , 2017 14:41
Bakıda vəhşi quşu qanunsuz saxlayan şəxs cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 11 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində reyd keçirilib.

ETSN-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı Bakı şəhər sakini Taleh Cəfərquliyev Qaradağ rayonu Şıxov çimərliyinin sahil zolağında vəhşi qırğı quşunu gəzdirərkən saxlanılıb.

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Vəhşi quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Son xəbərlər

Orphus sistemi