"Bakıda və Abşeronda bəzi evlər vulkandan kritik məsafədə yerləşir" - MÜSAHİBƏ

"Bakıda və Abşeronda bəzi evlər vulkandan kritik məsafədə yerləşir" - MÜSAHİBƏ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun rəhbəri Ceyhun Paşayevin “Report”a müsahibəsi.
Ekologiya
28 Yanvar , 2021 11:52
Bakıda və Abşeronda bəzi evlər vulkandan kritik məsafədə yerləşir - MÜSAHİBƏ
Ceyhun Paşayev

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun rəhbəri Ceyhun Paşayevin “Report”a müsahibəsi:

- Azərbaycanda neçə aktiv vulkan var?

- Dünya üzrə yayılan 2500-dən çox vulkanın 350-dən çoxu məhz Azərbaycanda yerləşir. Onlardan, say olaraq neçəsinin aktiv olmasını demək çox çətindir. Sadəcə onu demək olar ki, palçıq vulkanlarının mütləq əksəriyyəti, 80-90 faizi aktivdir.

Ceyhun Paşayev
Ceyhun Paşayev

- Hansı dövrdə rekord sayda püskürmə qeydə alınıb?

- Son dövrlərdə püskürmə hadisələri artıb. Əvvəllər il ərzində 3-5 vulkan püskürməsi qeydə alınırdısa, son dövrlər seysmik aktivliyin artması səbəbindən bu rəqəm 7-8 arasında dəyişir. Bu da ondan irəli gəlir ki, vulkan boğazında yetərincə metan qazının dolması prosesi gedir və qısa sıçrayışdan, lokal zəlzələdən, süxurların sürtünməsindən yaranan alışma nəticəsində püskürmə baş verir. Bəzən püskürmə güclü olmadığından təzahürləri nəzərə çarpmır, yalnız aparılan monitorinqlər zamanı qeydə alınır ki, yeni püskürmə məhsulları var.

- İntensiv palçıq vulkanları hansı ərazilərdədir?

- Ən aktiv region Şamaxı - Qobustan ərazisidir. Ümumilikdə ölkədə palçıq vulkanları 6 zona üzrə yayılıb. Bunlar Xəzəryanı, Abşeron, Şamaxı-Qobustan, Küryanı, Bakı arxipelaqı, Kürqabırlı zonalarıdır. Şamaxı - Qobustan ərazisi ən məşhurdur. Belə ki, orada vulkanların həm sıxlığı və sayı çoxdur, həm də ən aktivləri yerləşir. Palçıq vulkanından yalnız 43-ü qoruq statusu daşıyır. Qoruğun yaradılmasında məqsəd Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsidir. Bunun nəticəsidir ki, son illər palçıq vulkanlarına olan antropogen təsirlər minimuma endirilib və bununla da onların təbii vəziyyəti qorunub saxlanılıb.

- Vulkanlara əlaqəli monitorinqlərin keçirilmə aralığı nə qədərdir?

- Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsi ilə sıx əməkdaşlıq çərçivəsində birgə tədqiqatlar aparılır. Monitorinqlər hər rübdə həyata keçirilir. 2021-ci il üçün ekspedisiyaların intensivliyini artırmağı planlaşdırmışıq. AMEA-nın Geologiya və Geofizika İnstitutunun vulkanların olduğu ərazilərdə xüsusi cihazları var, bu, bizə imkan verir ki, vulkanda püskürmə olduqda 20 dəqiqə sonra bizim də məlumatımız olsun.

- Püskürmə nəticəsində ətrafa çıxan lavalar təmizlənirmi ?

- Dünyanın heç bir yerində belə praktika yoxdur. Azərbaycanda püskürən vulkanlara gəldikdə, püskürmənin əhatə dairəsi o qədər geniş olmur ki, ətrafa yayılan kütlə də çox olsun. Püskürmə məhsulu heç bir halda təmizlənmir. Püskürmənin gözəlliyi də ondan sonra yaranan təbii mənzərədir.

- Son illərdə hansı vulkanın püskürməsindən sonra əhatə dairəsi geniş olub?

- 2018-ci ildə püskürən Otmanbozdağ vulkanının çox böyük gücü olub. Onun axıtdığı vulkan dilinin uzunluğu bəzi yerdə 5 km-ə çatmışdı. Təxminən 2,5-3 milyon kubmetr tullantı məhsulu axmışdı, püskürmə 2 faza üzrə baş vermişdi.

- Vulkan olan ərazilərin yaxınlığında ev tikilməsi faktları olurmu və buna qarşı necə mübarizə aparılır?

- Bakı və Abşeron rayonlarının inzibati ərazilərində bəzi yerlər var ki, orada palçıq vulkanlarının təsir dairəsində yaşayış məskənləri salınıb. Təəssüf ki, bəzi hallarda bu evlər vulkandan kritik məsafədə yerləşir. Bu hal çox hallarda məlumatsızlıqdan yaranır. Dövlət Təbiət Qoruğu olaraq həm xüsusi mühafizə altında olan, həm də, xüsusi mühafizə altında olmayan palçıq vulkanlarında bu məqam ciddi nəzarətdə saxlanılır. Bununla bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər olunub. Ümumiyyətlə, ölkədə yerləşən bütün palçıq vulkanlarının nəzarətdə saxlanılmasına çalışırıq.

Dövlət Təbiət Qoruğu olaraq qoruq statusu olmayan vulkanların yaxınlığında salınan yaşayış evləri ilə bağlı hər hansı inzibati işlərin görülməsi səlahiyyətimiz xaricindədir. Buna baxmayaraq tərəfimizdən mütəmadi təbliğat işləri aparıb xəbərdarlıq vərəqələri, təqvimlər paylanılır ki, palçıq vulkanının təhlükəli seysmik proses olduğunu insanlara çatdıra bilək. Birmənalı məsləhət görürük ki, istər yaşayış evləri və ya istehsalat obyektləri salınarkən palçıq vulkanları yerləşən ərazidən kənar təhlükəsiz ərazilər seçilsin. Vaxtı ilə mövcud olan problem hələ də var. Bu halın kütləvi hal almasının qarşısı alınıb. Ümumiyyətlə vulkan ərazilərinə yaxın yerlərdə yaşayış məskənləri və ya istehsalat obyektləri salınanda mütləqdir ki, minimum 1-1,5 km məsafə saxlanılsın.

Bu günə qədər palçıq vulkanlarının yaxınlığında olan evlər barədə məsələni həm Azərbaycan Milli Elmlər Akademiyası həm də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qaldırıb. Buna bariz nümunə kimi Abşeron rayonun Qobu və Hökməli bələdiyyələrinin yaxınlığında yerləşən və qoruq statusu olmayan Qobu-Bozdağı palçıq vulkanının ətrafındakı yaşayış evlərini göstərmək olar. Bu palçıq vulkanı ilə bağlı dəfələrlə həm mətbuatda çıxışlarımız olub, o cümlədən, aidiyyəti üzrə icra hakimiyyətinə dəfələrlə müraciətlər olunub. Sonda xüsusilə qeyd etmək istərdik ki, bu vacib məqam daim nəzarətdə saxlanılacaq və ölkə üzrə yayılmış bütün palçıq vulkanlarında mütəmadi monitorinqlər keçiriləcək o cümlədən, geniş təbliğat işlərinə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi