"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə kənd təsərrüfatına ayrılan maliyyə müzakirə edilib

"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə kənd təsərrüfatına ayrılan maliyyə müzakirə edilib "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə növbəti sessiya iqlim dəyişikliyi çərçivəsində kənd təsərrüfatına ayrılan maliyyə məsələlərinə həsr olunub.
Ekologiya
1 Oktyabr , 2024 16:52
Bakı İqlim Fəaliyyəti Həftəsində kənd təsərrüfatına ayrılan maliyyə müzakirə edilib

"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə növbəti sessiyada iqlim dəyişikliyi çərçivəsində kənd təsərrüfatına ayrılan maliyyə müzakirə olunub.

"Report" xəbər verir ki, sessiyada çıxış edən CGIAR-ın İcraçı Direktoru İsmahane Elouafi kənd təsərrüfatının çox çətin mərhələyə daxil olduğunu bildirib.

"Dünyanın hər yerində qida təhlükəsizliyi ilə bağlı problemlər yaranıb. Daşqınlar, torpaqların məhsuldarlığının azalması ciddi problemlərə təsir edir. Kənd təsərrüfatı sahəsində emissiyaların payı artıb", - o qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Bakıda İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə keçirilən panel sessiyasında deyib ki, beynəlxalq ictimaiyyət təbiətə və ətraf mühitə zərər vermədən qida sistemindən təhlükəsiz istifadəni təmin etməlidir:

"Hazırda qlobal istixana qazları emissiyasının üçdə birini qida sistemi təşkil edir. Bu, biomüxtəlifliyin itirilməsinin və meşələrin qırılmasının əsas səbəbi olaraq qalır",

Diplomat vurğulayıb ki, əsrin ortalarına qədər bu sistem dünyada 10 milyard insanı kifayət qədər, əlverişli və zəruri qida ilə təmin etməli olacaq.

Panel sessiyada videomüraciəti nümayiş etdirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş Baş katibi Pan Gi Mun deyib ki, münaqişələr sağlamlıq problemləri və ərzaq təhlükəsizliyi risklərini daha da artırır:

"Bütün bu qlobal problemlərin bilavasitə təsirindən çox kənarda, xüsusilə, qida istehsalı sahəsində ciddi nəticələri var. Tədqiqat və innovasiyaya, fermerlərə, həmçinin qadınlara, gənclərə ayrılan investisiyalar bu gün qarşılaşdığımız bir çox problemlərin həllinin bir hissəsi ola bilər".

CGIAR İqlim Təsiri Platformasının Direktoru Aditi Mukherji diqqəti iqlim dəyişikliyi ilə mübarizə fonunda kənd təsərrüfatına ayrılan maliyyənin azlığına yönəldib: "Ölkələr arasında əlaqələr olmalıdır ki, maliyyə problemi aradan qaldırılsın".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə rəhbərinin müavini Anar Əzimov sessiyada çıxışı zamanı qeyd edib ki, kənd təsərrüfatı iqlim dəyişikliyinə yönəlik fəaliyyətə ən çox töhfə verən, həm də bundan ən çox təsirlənən sektordur.

"Həll etməli olduğumuz məsələ budur. Bu, gələcək siyasətin müəyyənləşdirilməsi baxımından hökumətlər üçün çox vacibdir. Gələcək nəsillər üçün davamlılığı təmin etmək və həmçinin iqlim dəyişikliyinin bütün təsirlərini aradan qaldırmaq gündəmdədir"

O vurğulayıb ki, COP29 bunun üçün önəmli platformadır.

Son xəbərlər

Orphus sistemi