“Azərikimya”nın struktur bölmələrində ilin ilk payız iməcliyi keçirilib

“Azərikimya”nın struktur bölmələrində ilin ilk payız iməcliyi keçirilib Təmir-tikinti idarəsindən və Birliyin İdarəetmə aparatından ümumilikdə 500 nəfər əməkdaş iştirak edib
Ekologiya
17 Sentyabr , 2016 18:01
“Azərikimya”nın struktur bölmələrində ilin ilk payız iməcliyi keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ “Azərikimya” İstehsalat Birliyinin struktur bölmələrində bu ilin ilk payız iməcliyi keçirilib. 

Birlikdən “Report”a verilən məlumata görə, 20 sentyabr - Neftçilərin peşə bayramına həsr olunan iməclikdə Etilen-polietilen zavodundan, Təmir-tikinti idarəsindən və Birliyin İdarəetmə aparatından ümumilikdə 500 nəfər əməkdaş iştirak edib.

İki gündən bəri aramsız davam edən payız yağışının yaratdığı müəyyən çətinliklərə baxmayaraq, böyük ruh yüksəkliyi şəraitində keçən iməclik zamanı Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərində, həmçinin Səməd Vurğun küçəsində təmizlik-abadlıq işləri aparılıb, əvvəlki iməcliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənilib, sahələr alaq otlarından təmizlənib.

İməclik zamanı paralel olaraq Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış ərazisində 300 ədəd müxtəlif növ ağac əkilib.

Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıqların artırılmasına xidmət edən iməcliklərin payız mövsümü boyu davam etdirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi