Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilib.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəbirin respublikada mühafizəsi üçün geniş xüsusi mühafizə olunan təbiət ərazisi (XMOTƏ) şəbəkəsi var: "Son illərdə bəbirlər yaşayan XMOTƏ-lərin sahəsi xeyli genişləndirilib. Belə ki, Naxçıvanda ötən əsrdə yalnız Ordubad yasaqlığı (40 000 ha) var idisə, hazırda orada ümumi sahəsi 148 645 hektar olan 4 XMOTƏ fəaliyyət göstərir".
F.Əliyev bildirib ki, əvvəllər mövcud olan 2 906 hektarlıq Hirkan qoruğunun bazasında yaradılan Hirkan milli parkının sahəsi 40 358 ha-ya çatdırılıb: “İşğaldan azad olunmuş ərazilərimizdə də yeni XMOTƏ-lərin yaradılması və paralel olaraq mühafizənin gücləndirilməsi nəzərdə tutulur”.