Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 26-31 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 28-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.