Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger, Qazaxıstanın “Spetsosnaşeniya” şirkətinin rəhbəri Alia Nurakişeva, “Azhidromet” rəhbərliyi və digər rəsmi şəxslərlə birlikdə Azərbaycanın Şamaxı rayonunda meteoroloji radarların quraşdırılması layihəsinin açılış mərasimində iştirak edib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi məlumat verib.
Qeyd olunub ki, Qafqazda və Orta Asiyada ABŞ-ın “Baron Services” şirkətini eksklyuziv olaraq təmsil edən Qazaxıstanın “Spetsosnaşeniya” şirkətinin texniki dəstəyi ilə quraşdırılan bu radarlar ölkədə və ümumiyyətlə, regionda ilkdir. Bu layihə Azərbaycan, Qazaxıstan və ABŞ-ın uğurlu üçtərəfli əməkdaşlığının nəticəsi olub.
Böyük mənzilli və qabaqcıl texnologiyalarla təchiz olunan radarlar hökumət və yerli hakimiyyətə hava şəraitinin dəyişməsi və təhlükəli təbii halların baş verməsi ilə bağlı vaxtında qərar qəbul edilməsi və erkən xəbərdarlıq etmə imkanı yaradır. Onlar dövlətin, cəmiyyətin və vətəndaşın fəaliyyətinin bir çox sahələrində təhlükəsizliyi təmin edirlər. Bu, xüsusilə hava şəraitindən asılı olan kənd təsərrüfatı üçün önəmlidir. Çünki bununla ölkənin qida təhlükəsizliyi təmin olunur.