Azərbaycanda müşahidə edilən tozlu hava şəraitinin səbəbi açıqlanıb

Azərbaycanda müşahidə edilən tozlu hava şəraitinin səbəbi açıqlanıb Azərbaycanda müşahidə edilən toz kütləsi İraq, Səudiyyə Ərəbistanı, mərkəzi Asiyanın Qaraqum və Qızılqum səhralarından ölkəyə daxil olub.
Ekologiya
27 May , 2024 15:28
Azərbaycanda müşahidə edilən tozlu hava şəraitinin səbəbi açıqlanıb

Azərbaycanda müşahidə edilən toz kütləsi Türkmənistanın Qaraqum səhrası, İranın şimalı, eləcə də İraq ərazisindən ölkəyə daxil olub.

Bunu “Report”a açıqlamasında Xəzər Universiteti Ətraf Mühit Mərkəzinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov deyib.

Ekoloq hesab edir ki, hazırda müşahidə olunan toz hissəcikləri Azərbaycanın şərq hissəsinin əksər rayonlarını əhatə edir, transsərhəd mənşəlidir:

“Bakı və Abşeron yarımadasından əlavə, Şamaxıdan tutmuş Muğan, cənub zonasına, eləcə də Quba-Xaçmaz zonasının bir hissəsində müşahidə edilir. Toz kütləsinin Azərbaycana daxil olması səbəbindən PM (particullar matter - hava keyfiyyətinin təyin edilməsi üçün əsas göstərici) səviyyəsi kəskin artıb və daha çox Türkmənistanın Qaraqum və Qızılqum səhralarından, İranın şimalı, eləcə də İraq ərazisindən qaynaqlanır. Fırtınaların olması, küləklərin güclənməsi nəticəsində tozlanma böyük regional miqyasda baş verib".

R.Abbasov həmçinin vurğulayıb ki, ötən gün Bakıda havanın keyfiyyəti 500 ballıq şkala üzrə 240 olub:

“PM normadan çox olanda havanın keyfiyyəti aşağı hesab olunur. Ötən gün Bakıda 500 ballıq şkalada havanın keyfiyyəti 240 olub. Adətən, 0-50 şkalasında hava keyfiyyəti yaxşı hesab olunur. Bu o deməkdir ki, hava keyfiyyəti Bakıda normadan 4 dəfə aşağı olub. Bu cür tozlanmalar Bakıda yaz və yay aylarında müşahidə olunur. Ümumiyyətlə, toz kütləsi Azərbaycan ərazisinə çox müxtəlif - İraq, Səudiyyə Ərəbistanı, mərkəzi Asiyanın Qaraqum və Qızılqum səhralarından Xəzər dənizini keçməklə daxil olur”.

Ekspertin sözlərinə görə, bu cür miqyaslı tozların qarşısının alınması üçün praktiki üsul yoxdur:

“Sadəcə insanlar maarifləndirilməlidir ki, belə havalarda çöldə maskadan istifadə etsinlər, mümkün qədər bayırda az gəzsinlər. Evdə kondisionerlə havalandırma işləri aparsınlar.

Yeri gəlmişkən, tozlu havanın insanlara da müəyyən təsirləri var. Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-allerqoloqu Nigar Həşimova “Report”a açıqlamasında bildirib ki, havada tozun miqdarının normadan artıq olması insanların səhhətinə mənfi təsir göstərir:

“Belə havaların xüsusilə allergiyadan əziyyət çəkən şəxslərdə təsirləri müşahidə edilir. İstər bronxial astma, istər allergik konyunktivit xəstəliklərindən əziyyət çəkən şəxslərdə mənfi hallar yaradır. Bronxial astma xəstələrində öskürək, təngnəfəslik, boğulma, döş qəfəsində ağrı kimi halların artması müşahidə olunur. Hətta istifadə etdikləri dərmanlar belə yetərli olmur. Bundan başqa, allergik rinit və allergik konyuktivit xəstələrimiz var ki, onlarda da burnun, gözün seliklik qişasında zədələnmələr artır, burunda asqırma, tutulma, gözdə isə qızarma, qaşınma kimi hallar müşahidə olunur".

Mütəxəssis söyləyib ki, allergiyalı şəxslərdə dəri hüceyrələri həssas olduğuna görə, tozlanma dəriyə də mənfi təsir göstərir:

"Dəridə quruluq və quruluğa bağlı qaşınma və bir çox yaralara səbəb olur”.

Xatırladaq ki, mayın 26-da səhər saatlarında havada tozun miqdarı normadan 1.3, gün ərzində isə 3-3.5 dəfəyədək artıb. Milli Hidrometeorologiya Xidmətinin sonuncu məlumatına görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi