Hər il meşə, milli park və qoruqlarda baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə tədbirlər həyat keçirilir. Ancaq bununla belə, maariflənmə yetərli olmur. Nəticədə yay aylarında odla ehtiyatsız davranışlar ağciyərlərimiz olan meşələrdə yanğınların baş verməsinə və yaşıllıqların məhv olmasına gətirib çıxarır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova “Report”a açıqlamasında bildirib ki, meşə, milli park və qoruqlarda baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə tədbirlər planı hazırlanıb: "Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə hazırladığı planda baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması ilə bağlı həm təlimlər, həm də yanğınsöndürmə avadanlıqlarının yoxlanması ilə bağlı reydlər öz əksini tapır".
Onun sözlərinə görə, 2021-ci ildən başlayaraq təlimlər praktiki keçirilir: "Xüsusi mühafizə olunan təbiət əraziləri və FHN-in yerli qurumları ilə birlikdə imitasiya xarakterli yanğın yaradılaraq yerli icmaların, könüllü dəstələrin cəlb olunması ilə birgə yanğının söndürülməsi üzərində təlim həyata keçirilir. Təlim həm yerli icmaların, həm də xüsusi mühafizə olunan ərazilərin əməkdaşlarının yanğının söndürülməsi ilə bağlı operativ müdaxilə göstərilməsində, bilik və bacarıqlarının artırılmasında böyük rol oynayır. Yay mövsümünün əvvəllərindən milli parklarda, qoruqlarda mineral zolaqların çəkilişi işlərinə başlanılır, mümkün olan yerlərdə su tutarları, su rezervuarı yaradılır. Ətraf ərazidə yaşayan insanlarla, icmalarla, fermerlərlə maarifləndirmə işləri aparılır, onlara ərazilərin yanğın təhlükəsindən qorunmaqla bağlı müəyən biliklər aşılanır, milli parklara üz tutan turistlərə isə piknik yerində ocaq qalanarsa, mütləq ocağı söndürmək, ərazilərə siqaret kötükləri atmamaq xarakterli tövsiyələr edilir".