Azərbaycanda içməli su çatışmazlığı var?

Azərbaycanda içməli su çatışmazlığı var? Havaların isinməsi Azərbaycanın məhdud şirin su ehtiyatlarının iqtisadi və sosial məsələlərin həllində səmərəli istifadəsi mövzusunu aktuallaşdırır. Ölkədə şor suyun şirinləşdirilməsi prosesinin Azərbaycanda olmaması səbəbindən su qıtlığı hiss olunur. Yalnız Kür və digər çayların ətrafındakı yaşayış zonaları istisna olmaqla digər regionlarda, xüsusən də Bakı və Abşeron yarımadasında şirin su çatışmazlığı daha kəskin hiss olunur. “Azərsu ASC də ötən gün (iyunun 11-də - red) abonentlərə müraciət edərək sudan səmərəli istifadə barədə tövsiyələrlə çıxış edib.
Ekologiya
12 İyun , 2020 17:02
Azərbaycanda içməli su çatışmazlığı var?

Havaların isinməsi Azərbaycanın məhdud şirin su ehtiyatlarının iqtisadi və sosial məsələlərin həllində səmərəli istifadəsi mövzusunu aktuallaşdırır. Ölkədə şor suyun şirinləşdirilməsi prosesinin Azərbaycanda olmaması səbəbindən su qıtlığı hiss olunur. Yalnız Kür və digər çayların ətrafındakı yaşayış zonaları istisna olmaqla digər regionlarda, xüsusən də Bakı və Abşeron yarımadasında şirin su çatışmazlığı daha kəskin hiss olunur. “Azərsu" ASC də ötən gün (iyunun 11-də - red) abonentlərə müraciət edərək sudan səmərəli istifadə barədə tövsiyələrlə çıxış edib.

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Report”a bildirib ki, Azərbaycan suyun az olduğu ölkələrdəndir. Onun sözlərinə görə, mövcud resurslarımızdan səmərəli və düzgün istifadə edilsə, kifayət edər: 

“Məsələn, kənd təsərrüfatında selləmə üsulu ilə suvarma aparılır. Bu üsul suvarma nəticəsində torpağı yararsız hala salır və şoranlaşdırır. Həmçinin bir o qədər su itkiyə gedir. Biz kənd təsərrüfatında damcı, sızma və qaşqa üsullardan istifadə edə bilərik. Yəni bu gün su itkimiz olduqca çoxdur. Düzdür, bununla bağlı yeni statistika yoxdur, amma köhnə statistikaya görə ildə itkiyə gedən suyun miqdarı 5 kub kilometrə çatırdı. Bu da o deməkdir ki, biz Araz çayının suyunu itirirdik. İtirməklə yanaşı, torpaqlara da ziyan dəyir. Bu gün nə qədər mövcud şirin su resurslarımız varsa, onu qiymətləndirmək lazımdır. Axırıncı qiymətləndirmə təxminən 50 il bundan qabaq olub. İndi hər şey dəyişib, amma qiymətləndirmə yoxdur. Bilirəm ki, bu barədə Nazirlər Kabinetinin fəaliyyəti var. Yəqin ki, nəticəsi olacaq”.

Akademik bildirib ki, gələcəkdə insanların sayının çoxalması və su ehtiyatlarının azalması səbəbindən şirin su çatışmazlığı yarana bilər: “Bu zaman şor suların şirinləşdirilməsi prosesi aparıla bilər. Bizdə də elə bir proses olarsa, Xəzər dənizinin suyunun şirinləşdirilməsi aparıla bilər. Bu həm də ucuz başa gəlir. Çünki Xəzərin duzluluğu dünya okeanı ilə müqayisədə dəfələrlə aşağıdır. Yəni daha az xərclə şirin suya çevirmək olur”.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə "Report"a bildirib ki, ölkədə su ilə bağlı vəziyyət normaldır:

"Artıq bir neçə ildir ki, beynəlxalq təşkilatlar dünyada iqlim dəyişmələri, temperatur yüksəlmələri olduğunu vurğulayır. Bu da öz növbəsində su ehtiyatlarının azalmasına təsir edir. Su ehtiyatlarımızın 70 faizi ölkədən kənarda formalaşır. Bunlar Araz, Kür, Samur və digər çaylardır. Bu baxımdan Azərbaycan Helsinki Konvensiyasına qoşulmuş, amma yuxarı axın ölkələrindən nə Türkiyə, nə Ermənistan, nə də Türkiyə və Gürcüstan bu Konvensiyaya qoşulub. Buna görə də suyun idarə edilməsi ilə bağlı məsələlər gündəmdədir. Kür çayında olan vəziyyət ondan xəbər verir ki, bu il Azərbaycanda su ehtiyatları ötənilkindən azdır. Dağlarda olan qar ehtiyatlarımız 17 faiz azalıb. Son vaxtlar yağıntının qeyri-bərabər paylanması müşahidə edilir. Ən az şirin su ehtiyatlarının olduğu Abşeronda yağıntının miqdarı azalmayıb, amma əvvəllər çox yağıntı düşən rayonlara yağıntının miqdarı azalıb. Bu gün iqlim dəyişmələri, temperatur yüksəlmələri Azərbaycana da təsir edib. Bu il anbarlarda su ehtiyatları ötənilkindən azdır. Dünən də (11 iyun - red) abonentlərə müraciət etdik. Xahiş edirik ki, sudan qənaətlə istifadə etsinlər. Dünyada artıq çəmənlikləri, ağacları çiləmə və damcı üsulundan istifadə etməklə suvarırlar. Camaatımızdan rica edirik ki, artıq onlar da bu üsula keçsinlər. Bu həm sudan qənaətlə istifadə, həm də torpaqların münbitliyini qoruyur”.

Son xəbərlər

Orphus sistemi