Azərbaycana daha 5 zubr gətirilib

Azərbaycana daha 5 zubr gətirilib IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 5 zubr gətirilib.
Ekologiya
1800
25 Noyabr , 2020 15:42
Azərbaycana daha 5 zubr gətirilib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 5 zubr gətirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a bildirilib ki, bununla da Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 19-a çatıb. Yeni gətirilən zubrlar bir müddət milli parkın ərazisində volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədovanın sözlərinə görə, IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 zubr gətirilib və bu müddət ərzində populyasiyada təbii artımın olması zubrların təbiətimizə tam olaraq uyğunlaşdığını deməyə əsas verir: "Sevindirici haldır ki, tarixən ölkəmizin ərazisində məskunlaşan zubrlar yenidən Azərbaycan təbiətinə qaytarıldı. Qeyd edək ki, Azərbaycanda zubrlar ilk insanların yaşadığı qədim dövrlərdən mövcud olub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir. Tarixçilər zubrlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi zubrları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir".

"Zubrların Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları ölkəmizin şimal bölgəsində yaşayan əhalini və ümumiyyətlə respublika ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə dəstək olmağa çağırır”, - rəis müavini bildirib.

Son xəbərlər

Orphus sistemi