Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti 12 oktyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birgə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Nazirlikdən "Report"a verilən məlumat görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qonaqlar, həmçinin Şəhidlər Xiyabanını, “Türk şəhidliyi” abidəsini ziyarət edərək şəhidlərin xatirəsini yad edib, daha sonra ETSN-də Nazirliyin rəsmiləri ilə görüşüb.
Görüşdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həmçinin, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş”in tətbiqi üzrə İkiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.