Azad edilmiş ərazilərdə Şərq çinarı, Eldar şamı, sərv, dağdağan və akasiya ağaclarının əkilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Yaşıllaşdırma və landşaft quruluşu" ASC-nin sədri Ramik Əşrəfov deyib.
Onun sözlərinə görə, hazırda qurumda 500 minə yaxın zeytun tingi var: "Onların bir hissəsi işğaldan azad edilmiş ərazilərdə yerli şəraitə uyğun əkilib və bundan sonra da mərhələli şəkildə əkiləcək. Azad edilmiş ərazilərdə təkcə zeytun deyil, Şərq çinarı, Eldar şamı, sərv, dağdağan və akasiya ağaclarının əkilməsi də nəzərdə tutulur. Füzuli Beynəlxalq Hava Limanının ətrafında ağac əkimi üçün 200 hektar sahə ayrılıb ki, bunun da təxminən 60 hektarlıq hissəsi, eyni zamanda Cəbrayıl rayonunun 25 hektar ərazisi əkin işləri üçün tam hazırlanıb. Oralarda yeni tingləri əkib yoxlamaq istəyirik".
R.Əşrəfov bildirib ki, Zəngilanda 55 hektarda iynəyarpaqlı və enliyarpaqlı ağaclar əkilib: "Zeytun tingləri 2014-cü ilə qədər Türkiyə və İspaniyada gətirilirdi. Artıq həmin sortları özümüz istixanada yetişdiririk".
ASC sədri Ramik Əşrəfov daha sonra mətbuat nümayəndələrinə qurumun Tinglik idarəsində yetirişdirilən tinglər barədə məlumat verib.
Ardınca KİV təmsilçiləri ərazidə olan zeytun ağaclarının məhsullarının yığılmasına kömək ediblər.
Qeyd edək ki, “Yaşıllaşdırma və landşaft quruluşu” ASC Prezident İlham Əliyevin 13 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsis edilib. Qurumun təşəbbüsü ilə yaşıllıqlar magistral avtomobil yolları boyu 6 istiqamətdə arid, şoranlaşmış, bataqlaşmış, neft və tikinti tullantıları ilə çirklənmiş, istifadəsiz qalmış ərazilərdə salınıb. Yaşıllıqların suvarılması 11 min km-dən çox uzunluğu olan müasir damcılı suvarma sistemləri vasitəsi ilə həyata keçirilir. “Azəryaşlandşaft” ASC-nin xidməti ərazilərində salınmış yaşıllıqların becərilməsi və qorunub mühafizə olunması bu məqsədlə yaradılmış Yaşıllaşdırma İdarələri tərəfindən həyata keçirilir.