2014-də atmosferə buraxılan karbon qazının həcmi dəyişməyib

2014-də atmosferə buraxılan karbon qazının həcmi dəyişməyib Son 40 ildə ilk dəfə olaraq 2014-cü ildə atmosferə atılan karbon qazının miqdarı dəyişməyib
Ekologiya
14 Mart , 2015 04:51
2014-də atmosferə buraxılan karbon qazının həcmi dəyişməyib

Bakı. 14 mart. REPORT.AZ/ Beynəlxalq Energetika Agentliyinin (BATENA) məlumatına əsasən, 2014-cü ildə son 40 ildə ilk dəfə olaraq atmosferə atılan karbon qazının miqdarı dəyişməyib.

"Report"-un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, ekspertlər vurğulayır ki, bu hadisə iqtisadi böhranın olmadığı bir vaxtda baş verib. Belə ki, 2014-cü il üçün illik qlobal karbon qazı emissiyası 32 giqaton olub. BATENA-nın bəyanatında deyilir ki, bu xəbər sevindirici olsa da, bəşəriyyəti arxayın salmamalıdır. 

Təşkilatın baş iqtisadçısı Fatih Birol hadisəni “təəcüblü olduğu qədər əhəmiyyətli” adlandırıb.

Analitiklər isə atmosferə istixana qazları emissiyası artımının dayanmasını Çin və bir sıra başqa ölkələrdə texnologiyaların modernləşdirilməsi ilə əlaqələndirirlər. Lakin onlar həm də bildirirlər ki, Çində enerji istehlakının özü də azalıb.

BATENA bildirib ki, son qırx ildə emissiyanın sürəti üç dəfə yavaşıyıb və bütün üç halda bu, “dünya böhranları” ilə üst-üstə düşüb: 1980-ci illərdə ABŞ-dakı resessiyadan sonra, 1992-ci ildə SSRİ-nin çökməsinin ardınca və 2009-cu ilin maliyyə böhranı zamanı.

Karbon emissiyası barədə yekun hesabat iyun ayında açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi