Bakı. 4 dekabr. REPORT.AZ/ 2014-cü il bütün müşahidə tarixinin ən isti ili ola bilər. Bu, əsasən dənizin qlobal temperaturunun rekord səviyyədə yüksək olması ilə bağlıdır. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) 2014-cü ildə qlobal iqlimin vəziyyəti haqqında ilkin tədqiqatında deyilir. Burada qeyd olunub ki, quruda havanın qlobal orta temperaturu yanvar ayından oktyabr ayına qədər 1961-1990-cı illər ərzində orta göstəricidən 0,86°C yüksək olub.
Əgər noyabr və dekabr ayında bu tendensiya dəyişməzsə, ehtimal ki, 2014-cü il bütün müşahidə tarixinin ən isti ili ola bilər.
Məruzədə qeyd olunub ki, 2014-cü ildə ən çox isti Şimali Amerika, Avropa, Avrasiyanın şərq hissəsi, Afrikanın böyük hissəsi, eləcə də Avstraliyanın cənub və qərb regionlarında müşahidə olunub. Amerika Birləşmiş Ştatları, Kanada və Mərkəzi Rusiyanın ayrı-ayrı regionlarında temperatur orta göstəricidən bir qədər aşağı olub.
Dəniz səthinin qlobal temperaturları müşahidə tarixi ərzində ən yüksək həddə olub. Onlar 1961-1990-cı illər ərzində müşahidə olunan orta qiymətdən təxminən 0,45°C yüksək olub.
"2014-cü il üçün ilkin məlumatlar göstərir ki, 15 ən isti illərdən 14-ü XXI əsrdə qeydə alınıb" - ÜMT baş katibi Mişel Jarro bildirib. O qeyd edib ki, planetdə qlobal istiləşmə davam edir. Rekord isti və leysan yağışları 2014-cü ildə çoxsaylı insan tələfatına gətirib çıxarıb.
Yeni ÜMT məruzəsi hazırda Limada (Peru) keçirilən iqlim dəyişilməsi üzrə danışıqların vaxtına salınıb.