Yuxarı

Xəlil Rza Ulutürkün ədəbi irsinə həsr olunan layihə təqdim olunub

Xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Xalq Bank "Xalq Əmanəti" layihəsinin 11-ci nəşrini təqdim edib. Bu dəfəki nəşr görkəmli şair Xəlil Rza Ulutürkün ədəbi irsinə həsr olunub.

"Report" xəbər verir ki, oxuculara təqdim edilən dördüncü ədəbi topluda xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb. Kitabın təqdimetmə mərasimindən əvvəl Xəlil Rza Ulutürkə həsr edilən videoçarx nümayiş edildi. Tədbiri millət vəkili Nizami Cəfərov açaraq, kitabın nəşr edilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Akademik Teymur Kərimli, xalq şairi Zəlimxan Yaqub, Xəlil Rza Ulutürkün xanımı Firəngiz Ulutürk Xəlil Rza yaradıcılığına verilən yüksək qiymətə görə tədbir iştirakçılarına təşəkkür etdi.

Xəlil Rza Ulutürkün seçilmiş əsərlərinin nəşrinin ideya müəllifi Xalq Bank, layihənin rəhbəri Rafiq Həşimov, nəşrin tərtibçisi və redaktoru Yusif Günaydın, məsləhətçi Firəngiz Ulutürkdür.

Qeyd edək ki, əsası 2010-cu ildə qoyulan "Xalq Əmanəti" layihəsi çərçivəsində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Həmçinin, xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və böyük nəğməkarımız Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı nəşr edilib.

"Xalq Bank" Xəlil Rza Ulutürkə həsr edilən kitabı da hədiyyəlik nəşr etdirib. Bu kitab ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi