Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq yazıçısı Natiq Rəsulzadə Report Media Məktəbinin qonağı olub.
Xalq yazıçısı çoxdan belə kiçik auditoriya qarşısında çıxış etmədiyini bildirib:
“Son illərdə ilk dəfədir belə kiçik auditoriya qarşısında çıxış edirəm. Amma bu heç də görüşün əhəmiyyətini azaltmır, necə deyərlər, az olsun, öz olsun. Bilirəm ki, bu gün qarşımda əyləşən insanlar hazırlıqlıdırlar, əsərlərimi oxuyub görüşə gəliblər. Əlbəttə ümumilikdə yüzlərlə görüşdə, kitab və film təqdimatında iştirak etmişəm. Amma son illərdə, xüsusilə də tələbələrlə keçirilən görüşlərdə auditoriyada marağın olmadığını duyuram. Əsərləri oxuyan, maraqlı sual verənlər də az deyil, amma əksəriyyət kitabdan uzaq düşüb”.
N.Rəsulzadə kitab oxumağa həvəsin artırılmasının əhəmiyyətini də qeyd edib:
“Bizə kitabı yaymaq işi ilə məşğul olan mütəxəssislər lazımdır. Onlara kitab menecerləri ya impressario da deyə bilərik, amma ciddi iş görülməsə, kitab satışı artmayacaq. Bu günün alıcısı xeyli tənbəlləşib, kitab uyğunsuz bir yerdə satılırsa, ya əlçatmazdırsa, o tərəfə getməyəcək. Çap məhsulunu alıcıya çatdırmaq üçün həm uyğun yerlər, həm komfort şərait, həm də kitabın küçədə satış məntəqələri olmalıdır. Hətta kitabı ucuz qiymətə kirayə də vermək olar. Təki oxumaq istəyi olsun”.
N.Rəsulzadə Report Media Məktəbinin tələbələrinin suallarını cavablandırıb, yaradıcılıq planları ilə bölüşüb.