​Türkmən şairi M.Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ının təqdimatı olub

​Türkmən şairi M.Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ının təqdimatı olub Mərasim AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub
Ədəbiyyat
28 Aprel , 2016 20:34
​Türkmən şairi M.Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ının təqdimatı olub

Bakı. 28 aprel. REPORT.AZ/ AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə böyük türkmən şairi Məhtimqulu Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ının təqdimat mərasimi keçirilib.

Akademiyadan "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan və Türkmənistan arasında tarixi mehriban qonşuluq və dostluq münasibətlərindən söz açıb.

Hər iki ölkənin regionda güclü iqtisadi-siyasi mövqeyə malik olduğunu diqqətə çatdıran AMEA rəhbəri Azərbaycan və türkmən xalqları arasındakı münasibətlərin qədim tarixə söykəndiyini qeyd edib.

Tədbirdə akademik Akif Əlizadə Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ını Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayevə təqdim edib. M.Aşırbayev də öz növbəsində AMEA prezidentinə, o cümlədən akademiklər İsa Həbibbəyli və Teymur Kərimliyə xatirə hədiyyələri bağışlayıb.

M.Aşırbayev Azərbaycan xalqının klassik türkmən şairi olan M.Fəraqiyə diqqət və sevgisini yüksək dəyərləndirib. Alim bildirib ki, “Divan”ın nəşri müstəqillik dövründə Azərbaycan-Türkmənistan ədəbi-mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əlamətdar hadisələrdəndir.

Sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli M.Fəraqinin zəngin yaradıcılığı və türk dünyasının ədəbiyyat xəzinəsinə töhfəsi olan “Divan”ı haqqında danışıb. Bildirib ki, dilimizə tərcümə edilmiş nəşrə M.Fəraqinin yeni tapılmış “Divan”ındakı şeirlər də toplanıb. Akademikin sözlərinə görə, 1914-cü ildə daşbasma üsulu ilə Buxara şəhərində çap edilmiş bu “Divan”dakı şeirlərin bir çoxu şairin nəşr edilmiş eyniadlı şeirlərindən fərqli və daha düzgündür, bir neçə şeir isə böyük sənətkarın bu vaxtadək nəşr edilmiş kitablarında yoxdur. Yeni tapılmış “Divan”da Məhtimqulu Fəraqinin dini məzmunlu şeirləri də vardır ki, bu şeirlərin keçmiş sovet dövründə onun külliyyatına daxil edilməsi mümkün deyildi. Alim qeyd edib ki, türkmən ədəbiyyatının yaradıcısı, Türkmənistanda milli dövlətçilik ideyalarının qüdrətli carçısı Məhtimqulu Fəraqinin zəngin və qiymətli irsinin öyrənilməsi, tədqiqi və nəşri bütün Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. M.Fəraqinin milli birlik ideyaları dünyada və türk xalqları arasında birliyin, həmrəyliyin, dostluğun və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə işıq salır.

Daha sonra Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Toyli Kumekov çıxış edib. Səfir ölkələrimiz arasında digər sahələrdə olduğu kimi elmi əməkdaşlıq istiqamətində də mühüm nəticələr əldə ediləcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, ölkə prezidentlərinin istər ikitərəfli, istərsə də beynəlxalq tədbirlər çərçivəsində görüşləri gələcəkdə əməkdaşlığımızın daha da möhkəmlənməsinə rəvac verəcək.

Təqdimat mərasimində M.Fəraqinin “Divan”ının Azərbaycan dilində nəşrinə, Azərbaycan və Türkmənistan münasibətlərinin humanitar əməkdaşlıq sahəsində inkişafına verdiyi töhfələrə görə akademiklər İsa Həbibbəyli, Teymur Kərimli və İsmixan Osmanlı Türkmənistanın ölkəmizdəki səfirliyi tərəfindən diplomla təltif olunublar.

Tədbirdə Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun direktor müavini Rəhmanberdi Qodarov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Məmməd Əliyev, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı və digərləri çıxış edərək nəşrin əhəmiyyətindən danışıblar. “Divan”ın Azərbaycan dilinə tərcümə edilərək Bakıda nəşr edilməsini görkəmli sənətkarın yaradıcılığına Azərbaycan alimlərinin töhfəsi kimi qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi