Yuxarı

Türkiyə mətbuatında Cəfər Cabbarlı haqqında geniş məqalə dərc edilib

Bahar oğlu adlı ədəbi-bədii gecə Elazığ televiziyasında nümayiş etdirilib

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyədə nəşr edilən "Gün işığı" qəzetində Azərbaycanın görkəmli dramaturqu, şairi və ictimai xadimi Cəfər Cabbarlı haqqında geniş məqalə dərc olunub.

Bu barədə "Report"a Cəfər Cabbarlının nəvəsi, C.Cabbarlı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı açıqlama verib.

Elazığ Bələdiyyəsinin təşəbbüsü ilə dərc edilən məqalədə Türkiyə Azərbaycan qardaşlığından, Azərbaycanın görkəmli şairi Almaz İldırımdan və xüsusi olaraq Cəfər Cabbarlıdan bəhs edilib. Cabbarlının keçdiyi qısa amma şərəfli ömür yolu türk oxucularına çatdırılıb.

Məqalədə istedadlı şair və dramaturq Cəfər Cabbarlının qəhrəman Nuru Paşaya həsr etdiyi “Trablis müharibəsi” haqqında məlumat dərc edilib.

Qeyd edilib ki, C.Cabbarlı "Trablis müharibəsi" tarixi faciəsi ilə Nuri Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur. Əsərin ilk tamaşası Novruz bayramı ərəfəsində 1918-ci ilin martın 10-da Bakıdakı “İsmailiyyə” binasında göstərilib.

On minlərlə Azərbaycan türkünün amansızlıqla öldürüldüyü mart qətliamından iki ay sonra Nuri Paşa Trablisi – Qərb cəbhəsindən geri çağırılaraq Azərbaycana göndərilib.

Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Gəncədən Bakıyadək olan 362 km. məsafənin hər qarışını çətin və qanlı döyüşlərlə, erməni-bolşevik hərbi birləşmələrindən azad edib.
Cəfər Cabbarlının Türkiyənin qəhrəmanlıq tarixindən bəhs edən ikinci əsəri “Ədirnə Fəthi” dramı olub. Əsər ilk dəfə bir il öncə 1917-ci il dekabrın 15- də A.M. Şərifzadənin təqdimatında uğurla nümayiş etdirilib. "Trablis müharibə" və "Ədirnə fəthi" əsərlərinin ilk tamaşasından sonra verilən ziyafərdə Cəfər Cabbarlı çıxış edərək Türk xalqının qədimliyindən, zəngin mədəniyyət və döyüş ənənələrinə malik olmağından söhbət açıb. “Ədirnə Fəthi” ni bu mövzuya həsr etdiyini , “Trablis müharibəsi”ndə Nuri Paşanın hərbi xadim və şəxsiyyət kimi bədii obrazını təsvir etməklə yanaşı , generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz verib. Cəfər Cabbarlının alovlu nitqi Nuru Paşanı heyran qoyub. General ziyafətdən sonra “arkadaş” adlandırdığını Cəfərin dəvətini qəbul edərək onun qonağı olub. Ertəsi gün Nuru Paşanın göndərdiyi hədiyyələri Cəfərin anası Hacı Şahbikə xanım qəbul etmək məcburiyyətində qalıb. Bunlar : bir ədəd nikelli dəmir çarpayı, paltar üçün divar asılqanı və divar saatından ibarət idi.

Cəfər Cabbarlı Nuru Paşaya verdiyi sözə əməl edib. Nuru paşanın qəhrəmanlığından bəhs edən “Bakı müharibəsi” əsərini yazıb. Pyes 1919-cu il sentyabrın 16-da A.M.Şərifzadənin rəhbərliyi ilə Bakının qurtuluş günün 1 illiyi münasibəti ilə “ Türk ocağı”nda uğurla tamaşaya qoyulub.

Qeyd edək ki, martın 29-da Türkiyənin Kanal Fırat televiziyası Cəfər Cabbarlıya həsr edilmiş "Bahar oğlu" adlı ədəbi-bədii gecəni 3 bölümdə nümayiş etdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi