Yuxarı

​Türk dünyasının "İlin ədəbiyyat adamı-2014" laureatları Bakıda mükafatlandırılıb

Ötən il keçirilən II Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibi Əjdər Ol olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və başqa şəxslər iştirak edib.

Müsabiqədə Azərbaycan, Balkanlar (Qərbi Trakya, Bolqarıstan, Kosova, Makedoniya, Rumıniya), Başqırdıstan, Qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Xakasiya, Yakutiya, Altay, Tuva, Şimali Kipr Türk Respublikası daxil olmaqla, 25-ə yaxın ölkədən yazarlar iştirak ediblər. Birinci yer üçün 1000 TL (Türkiyə lirəsi), ikinci yer üçün 750 TL, üçüncü yer üçün 500 TL məbləğində mükafat nəzərdə tutulub.

Tədbir çərçivəsində həmçinin türk dünyasında "İlin ədəbiyyat adamı-2014" mükafatı da təqdim olunub. Bu mükafata Şimali Kipr Türk Respublikasının yazarı İsmayıl Bozkurt layiq görülüb.

III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin türkdilli ölkələr üçün nəticələrinə gəldikdə isə birinci yeri Qazaxıstandan Nurğəli Orad, ikinci yeri Tatarıstandan Aygül Axmedğaliyeva, üçüncü yeri Azərbaycandan Alpay Azər və dördüncü həvəsləndirici yeri isə Çuvaş Respublikasından İlya İvanov tutub.

Azərbaycan üzrə bu mükafata Alpay Azər (birinci), Natiq Məmmədli (ikinci) və Vəfa Mürsəlqızı (üçüncü) layiq görülüblər.

Xatırladaq ki, ötən il keçirilən II Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qalibi Əjdər Ol olub. Müsabiqənin şərtlərinə görə, növbəti müsabiqə qalibin vətənində keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi