Yuxarı

Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Solğun çiçəklər” ilə açıb

​Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Solğun çiçəklər” ilə açdı

Sumqayıt Dövlət Dram Teatrında 51-ci mövsümün açılışı reallaşıb. Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatrın yaradıcı heyəti yeni mövsümdə tamaşaçıların görüşünə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri ilə gəlib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə C.Cabbarlının 120 illiyi bu il ölkədə xüsusi qeyd olunur. 

Məhz buna görə də teatr Mədəniyyət nazirinin sifarişi ilə ölməz dramaturqa müraciət edib. Televiziya və kino sahəsində uğurlu filmlərin rejissoru olmuş Elşən Zeynallı “Solğun çiçəklər”ə müasir yozumda təhlil verib. Nəticədə uzun illər müxtəlif teatrların repertuarında yer almış məşhur pyes Sumqayıt teatrında özünün tam fərqli, yeni səhnə taleyini yaşayıb.

Rollarda əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, İlqar İbrahimov və Dağlar Rüstəmov çıxış ediblər. Tamaşanın quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynlidir, musiqi tərtibatı isə İradə Muradovaya aiddir.

Açılış mərasimində ilk olaraq teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov hər kəsi salamlayıb, teatra olan dövlət qayğısından, eyni zamanda şəhər rəhbərliyinin həssas münasibətindən danışıb. 

Təntənəli qeyd olunan yubiley ilindən sonra hər mövsümün daha da uğurla başa çatması üçün, zəruri olan düzgün repertuar seçimi, yüksək bədii səviyyəli tamaşaların hazırlanması, tanıtım layihələrin işlənməsi və bu istiqamətdə dövlətin tetrlara əlahiddə qayğısından söz açan teatr rəhbəri tamaşaçıları yeni tamaşaya baxmağa dəvət edib. Möhtəşəm tamaşa alqışlarla qarşılanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi