Yuxarı
    Bağlamaq

    Seyid Cəfər Pişəvərinin "Nadirə" romanının təqdimatı keçirilib

    Romanı fars dilindən Yədulla Kənani tərcümə edib

    Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Seyid Cəfər Pişəvərinin "Nadirə" romanının geniş tamaşaçı kütləsinə təqdimatı və kitabı Azərbaycan dilinə tərcümə edən Yədulla Kənaninin imza günü keçirilib.

    "Report" xəbər verir ki, S.C.Pişəvərinin fars dilində yazdığı iki böyük həcmli ədəbi əsərindən biri olan “Nadirə” romanı XX əsrin birinci onilliyində ölkənin fəlakətli vəziyyətinin Nadirə adlı bir qadının dili ilə nəql edilməsi üzərində qurulub.

    Nadirə obrazı o dövrdə ziyalı qadınların birisinin simasını canlandırır. Nadirə bir tacir ailəsində dünyaya göz açmasına baxmayaraq, o dövrdəki başqa qadınlar kimi heç bir hüquqa malik deyil.

    Bu roman həm Şərq, həm də Avropa romanları üslubunda yazılıb.

    Romanda XX əsrin əvvəllərində İranın sosial-siyasi mühitində baş verən hadisələr, xüsusilə I Dünya müharibəsinin törətdiyi faciələrin bir qismi bədii lövhələrlə oxucuya təqdim edilir. Həmçinin, bu əsər İran ictimaiyyətindəki eyni sinfin müxtəlif tərz-təfəkkürdə olan nümayəndələrini üzləşdirir və onlara məxsus tipik xarakterləri ustalıqla təsvir edir.

    Y.Kənani romanın tərcüməsində və çapında məqsədin Azərbaycan oxucusuna tanıtdırmaq, təqdim etmək olduğunu bildirib: "İlk dəfə bu əsəri oxuyanda roman mənə güclü təsir bağışladı. Ona görə də əsəri tərcümə edib, Azərbaycan ictimaiyyətinə çatdırmaq istədim. Azərbaycanda S.C.Pişəvərini siyasi xadim kimi tanıyırlar, amma bədii əsər yazan müəllif kimi yəqin az adamın onun haqqında məlumatı var. Pişəvərinin iki əsəri var: "Nadirə" və "Məhin banu". Hər iki əsər maraqlı və təsirlidir. "Nadirə" romanı qadın hüquqlarından, daha dəqiqi qadınların hüquqsuzlarından bəhs edən maraqlı əsərdir. 400 səhifədən ibarət olan "Nadirə" romanının elmi redaktorları İslam Qəribli, redaktoru Rəsmiyyə Babayevadır. Kitab Avropada və ABŞ-da yaşayan soydaşlarımızın maddi dəstəyi ilə nəşr edilib". 

    AYB-nin katibi, yazıçı İlqar Fəhmi deyib ki, bu əsərin çapı bir az yubanıb: "Azərbaycanda hər zaman Ş.M.Xiyabani, Səttarxan, S.C.Pişəvərinin adı ilə bağlı əsərlər, yazılar çox maraqla qarşılanıb, oxunaqlı olub. Pişəvərinin əsəri də bu qəbildən olan maraqlı əsərlər sırasında dayanacaq". 

    Təqdimat mərasimində S.C.Pişəvərinin həyatı və keçdiyi ömür yolundan bəhs edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi