Bakı. 29 oktyabr. REPORT.AZ/ "Mən hesab edirəm ki, Vaqif Bəhmənlinin "525-ci qəzet"də dərc edilən və müzakirələrə səbəb olan şeiri yaxşı şeirdir".
Bunu "Report"a açıqlamasında "525-ci qəzet" in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib.
Şair Vaqif Bəhmənlinin mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə həsr etdiyi və böyük müzakirələrə səbəb olan "Hamıya yaxşılıq" şeirinə münasibət bildirən R.Məcid vurğulayıb ki, "525-ci qəzet" səhifələrində hər zaman şeirlərə yer ayırır: "Həmin şeir bizim qəzetdə çap edilən gün mən redaksiyada olmamışam. Şeirlə əvvəldən tanış deyildim. Əgər qəzetdə çıxmamışdan əvvəl oxusaydım, bəlkə də bu şeirin dərc edilməsi ilə bağlı fikrim başqa cür olardı. Amma bizim qəzetin səhifələrində müxtəlif şairlərin şerləri, hekayələri dərc edilir. Bu şeir də onlardan biridi. Vaqif Bəhmənlinin şeiri ilk deyil ki? Bu şeirin yazılması və dərc olunması ilə dünya dağılmayıb ki?"
Yazıçılar birliyinin katibi hesab edir ki, özünə irad bildirilməsinə və V.Bəhmənlinin töhmət almasına səbəb olan şeir yaxşı şeirdir: "Hər halda bu məsələni bu qədər böyütmək lazım deyil. Vaqif Bəhmənli Azərbaycanın tanınmış şairlərindən biridir. Bu yaxınlarda 60 illik yubileyini qeyd edib".
R.Məcid şeirin "525-ci qəzet"də dərc olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinin ona tutduğu irada da münasibət bildirib: "Bu şeirin qəzetimizdə çap edilməsinə görə mənə bildirilən iradı qəbul edirəm. Hesab edirəm ki, düzgün iraddır. Ərk edib, deyiblər."
Xatırladaq ki, "525-ci qəzet"in 17 oktyabr 2015-ci il tarixli sayında Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənlinin şeirləri dərc edilib. Həmin şeirlərdən biri - "Hamiya yaxşılıq" adlı şeir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr olunub. Şeir qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və ictimaiyyət tərəfindən müxtəlif səpkili münasibət bildirilib.
Oktyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məsələ haqda açıqlama yayıb. Açıqlamada bildirilib ki, bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənilib, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şeirin qəzetdə dərc olunmasına dair irad bildirilib.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin əmri ilə Vaqif Bəhmənliyə töhmət verilib.