​"Qələmə göstəriş verəndə o öz müqəddəsliyini itirir" - ƏdəbiYAD

​"Qələmə göstəriş verəndə o öz müqəddəsliyini itirir" - ƏdəbiYAD "Bütün əsrlərin öz “1984”ü olacaq"
Ədəbiyyat
2 Dekabr , 2014 12:30
​Qələmə göstəriş verəndə o öz müqəddəsliyini itirir - ƏdəbiYAD

Zahid Oruc: "Bütün əsrlərin öz “1984”ü olacaq"

"ƏdəbiYAD" layihəsinin ilk qonağı deputat Zahid Orucdur. O, müsahibəyə razılıq versə də, ədibi seçməkdə tərəddüd edirdi. Üç günlük "axtarış"dan sonra nəhayət ingilis yazıçısı Corc Oruellin üzərində dayandı. Niyə? Bunu öz dilindən oxuyacaqsız.

Vədələşdiyimiz vaxtda Milli Məclisdə olduq. Qəbul şöbəsində topa-topa növbəyə dayanan adamları geridə qoyaraq, onunla şikayətçilərin otağında söhbətə başladıq. "Report"da "ƏdəbiYAD"ı oxuyun...

- Zahid bəy, niyə məhz Corc Oruell?

- Xüsusi bir səbəbi yox idi. Sadəcə sadaladığınız adlar içərisində ədəbi və əbədi təhlilə daha çox yatan müəllif kimi onun üzərində yaradıcı gəzişmələr yaxşı alınır. Yəni, top öz meydanına düşmüşdü.

- ABŞ-ın nüfuzlu "Newsweek" dərgisinin keçirdiyi “Dünyanın on ən mühüm kitabı” adlı sorğuda "1984" romanı "Hərb və sülh"dən sonra ikinci yeri tutub. Siz necə düşünürsüz, "1984" bəşəriyyətin ən güclü iki romanından biridir?

- "1984" romanının ilk 10 roman sırasına daxil olması doğru seçimdir. Zaman geçdikcə insanların hər hansı əsərə münasibəti də dəyişir. Əminəm ki, sorğuda iştirak edənlər bu roman dövrü, müxtəlif ideolojilərə malik formasiya və üsul-idarələrin süqutunu öncədən görməsinə və beləliklə də gələcəyi astroloji olaraq duymaq qabiliyyətinə görə yüksək qiymətləndiriblər. Corc Oruell çox ziddiyyətli bir vaxtda dünyaya gəlib. Hər iki dünya müharibəsinin kütləvi fəlakətlərini və vəhşətlərini nəinki yazıçı müşahidəsi ilə, eləcə də əlində silah döyüşçü kimi şəxsən iştirak eləməklə daxili dünyasından keçirə bilib. Bunlar hadisələrin dərinliyinə nüfuz etməyi bacaran istedadlı qələm adamının təhtəlşüurunda izsiz ötüşməmişdi. O, hərbçi qiyafəsini və əsgər kimi vuruşduğu səngəri tez-tez çap makinası ilə əvəz etməyə məcbur olanda bir də onda ayıldı ki, yazıçı kimi dünyaya daha çox xidmət edə bilər. Ona görə də "1984" romanını bütün əsrlərin şedevr nümunələrindən biri sayanlar haqlıdılar.

- Belə görünür, siz "Heyvanıstan"dan deyil, "1984" romanından danışmağa həvəslisiz...

- "1984" romanını qeyri-adi sayıram. Yazıçı bütün əsər boyu oxucunu intizarda saxlayır, onu şərti ölçüyə malik olan zamanın içərisində hərəkət etdirə bilir və ən sonda, işgəncənin, zülmün və total nəzarətin gücünü az qala ilahinin fövqəl qüvvəsi ilə eyniləşdirməyi bacarır. Oruell dənizdən bir damla kimi bütöv bir quruluşun mahiyyətini adamların gözündə lakmus kağızına çevirə bilib. Hadisələrə verdiyi dərin təhlil ehtiraslı oxucunu müəllifin qəhrəmanı kimi yekunda mənəvi-psixoloji bir qəfəsə salır. Adama elə gəlir ki, yazıçının başlıca məqsədi insanın malik olduğu ruhu, şüuru bütün canlı varlıqların əleyhinə işləyən bir fenomen kimi qəbul edir. Çünki gizli düşüncələrin belə yaşadığın sistemin rəhbərlərinə bəllidirsə, onda bu dünyadan hara qaçıb gedə bilərsən? Buna görə əsəri oxuyub qurtaran hər kəs kitabın qalın cildini bağlayandan sonra da düşdüyü amansız vəziyyətdən və gördüyü personajlarla xəyali ünsiyyətdən qurtulmur. Cansız vərəqlərin sehri bundadır və Oruell lənətlədiyi quruluş kimi özü də hamını sanki əsarətində saxlamaqda davam edir.

- Oruell yazır ki, "Bəşəriyyət seçim qarşısındadır: azadlıq yoxsa xoşbəxtlik və böyük əksəriyyət üçün xoşbəxtlik daha üstündür". Azadlığı olmayan adam xoşbəxt ola bilərmi? Ümumiyyətlə, bu iki məfhumun kəsişdiyi nöqtə var?

- Bəzən azadlıq müxtəlif xalqları toplu olaraq bədbəxt, fərdlərin isə həyatında faciə ilə özünü büruzə verib. Bu iki məfhum arasında daim ziddiyyət olacaq, bir-birini görmədən keçə bilməyəcək. Yəni, hürriyyətə qovuşmaqla iş bitmir. Məlum olur ki, tiraniya rejimlərindən xilas olanlar sonra başqa bəlaların ağuşuna itələnirlər. Ona görə “bütün azadlıqlar xoşbəxtliyin anasıdır” şüarı ilə yaşayanlar səhv edirlər. Bəzən diktaturada yaşayanların həyatı kənardan qeyri-adi dərəcədə xoşbəxt görünür. Çünki vahid zor aparatı kiçik pisliklər və dağıdıcı tendensiyaların qarşısını ala bilir. Tarix də sübut edir ki, böyük azadlıqlara gedən yol mütləq zorakılıqlardan, zor sisteminin yaradılmasından keçir.

Azadlıq bütün mənalarda xoşbəxtliyə aparan yollardan yalnız biri ola bilər. Azərbaycanlı poetik düşüncəsində xoşbəxtliyə qafiyə tapmadığı kimi həyatda da onlar arasında ziddiyyət daimi xarakter daşıyır. Çoxlu adamlar tanıyıram ki, azaddır, ancaq hədsiz bədbəxtdir. Əlbəttə, bütövlükdə bu məfhumu nəyləsə əvəz etmək mümkün deyil, ancaq xoşbəxtlik tamam başqa anlayışdır.

- Markesin polkovniki Uinstonun Böyük Qardaşı olsaydı "1984" necə yazılardı? O da sevgini qazanmaq üçün işgəncə verərdi? Yoxsa polkovnikin buna ehtiyacı yoxdu?

- Smit sevgiyə ac deyildi. Markesin polkovniki zirvəyə tamam fərqli yolla yüksəlir. Ancaq Oruell yaxşı göstərir ki, hətta antik əşyalar mağazasını işlədən və hamının adi qəbul etdiyi satıcı belə satqın olmağa can atırsa, yaxşılıq və xeyirxahlıq deyil, pislik stimullaşdırılırsa, insana xilas yoxdur. Hətta yazıçıdan tələb etsəydik ki, o, "1985"i yazsın, onda Uinston Smitin nə qədər yeniyetmənin nakam taleyinə bais olduğunu görərdik.

- Oruell deyir ki, "Sənə istənilən bir şeyi deməyə məcbur edərlər, ancaq buna inanmağa məcbur edə bilməzlər". Bəs, Zahid Oruc nəyəsə inanmağa məhkumdur?

- Yalan uzun sürdükcə gerçəyə çevrilir. Millətlər əsatirlərlə yaşamağa öyrəniblər, fərdlər də belədir. İllüziya hər kəsi təqib edir. Hamımız istəyirik ki, ən böyük yalanlara inanaq. Aleksandr Soljenitsının həyatında maraqlı bir epizod var. O, QULAQ Arxipelaqında uzun müddət rejimlə savaşarkən xərçəng xəstəliyinə tutulur. SSRİ rəhbərliyinə məruzə olunur ki, o, əgər həbs düşərgəsində ölsə, Qərbin tənqidinin qarşısında dayana bilməyəcəyik. Onsuz da Soljenitsın düşərgənin bütün rəzil durumunu, antiinsani vəziyyətini, despotçuluğu, böyük ideallar altında qurban gedən adamların təsvirini verib qırmızıların hakimiyyətini amansız şəkildə tənqid edirdi. Məcbur olub onu azadlığa buraxdılar. Bu zaman görünməmiş hadisə baş verdi - xərçəng şişi geri çəkilməyə başladı. Sanki yazıçının bioloji-fiziki fakturası da siyasi-ədəbi vəziyyətiylə harmoniyadaydı və xəstəliyi ölkəsinin gerçək durumunu özündə ehtiva edirdi. Yenidən onu həbsə ata bilməzdilər. Yeganə yol, onu ölkədən çıxarmaq idi. Soljenitsın Amerikaya getdi və orada yaşadığı illərdə Sovet xalqına çoxlu müraciətlər yazdı. Onlardan biri “Yalansız yaşamaq” adlanırdı. SSRİ-nin ən böyük dissidenti deyirdi ki, əgər irəli getmək istəyirsənsə və yalan danışmağa məhkumsansa bunu edə bilərsən. Yaxud sənə həbs düşərgəsində verilən müxtəlif cəzalar, şiddətli ağrılardan qurtulmaq üçün də haqq yolundan daşına bilərsən. Çünki hər kəsin işgəncəyə dözümü bir deyil. Ancaq ehtiyac olmadığı təqdirdə, yalan danışmayın. Məsələn, kimsə bir məclisdə zərurət olmadığı təqdirdə çıxış edən natiqi, saxtakar aparıcını alqışlamağa çalışmamalı və özünü kütlədən ayırmağı bacarmalıdır.

- Oruell də yazırdı ki, işgəncələrə dözmək çətindir...

- Bəli, o da ağrıların uzanmasının çox dəhşətli, dözməyin qeyri-mümkün olduğunu deyirdi. Ona görə də yazırdı ki, yalanlar çox olanda doğrunu danışmaq və yaxud düşündüyünü demək ekstremizmdi, çox amansız və təhlükəlidir. Tam əminəm ki, Oruell təzədən dirilsəydi, Edvard Snoudendən materialları götürüb bu gün Qərb cəmiyyətində böyük azadlıqlar fonunda insanların durumundan yeni antiutopiyalar yaradacaqdı. Çünki Sovet cəmiyyəti dərk olunmayan qulluq vəziyyəti, köləlik cəmiyyəti idisə, Avropanın hazırkı durumu dərk olunmuş, azadlıqlarla müşayiət edilən köləlikdir. Bu gün istifadə etdiyimiz texnikaların sayı nə qədər çoxdursa, bir o qədər də bizi izləyən vasitələr artır. Hamımızın daşıdığı mobil qurğular əhatə dairəmizdə olan elektron casusların yığınağından başqa bir şey deyil və bunu könüllü edirik. Fərq sadəcə bahalı və ucuz markalı kəşfiyyat qurğuları ilə bunu həyata keçirməkdədir.

- Əsərdə belə bir fraza var: "Qazanılan bütün uğurların müəllifi və səbəbkarı Böyük Qardaşdır".

- Orta məktəbdə qalstukdan istifadə edirdik. Qalstukun üçbucağını böyük qardaş, kiçik qardaş və partiya kimi dəyərləndirirdik. Onda bizim xəbərimiz yox idi ki, "1984" əsəri qadağan olunub. Böyük qardaşın vəsf olunması, hamını görən ekran, hər kəsin düşüncələrinə hakim kəsilməyi bacaran apokalipsis, sevdiyi qızla yaşadığı dünyanı gənclərin əlindən alan və müqəddəs şeylərin hamısına nifrət yaratmağı bacaran işgəncə qurğuları, qəbul etmədiyin ideyanı sevməyə səni vadar edən cəza otaqları, qırılan talelər və başqa həyati mətləblər Oruellin əksər əsərlərinin əsas süjet xəttini təşkil edir. Ancaq bolşeviklər təkcə dünyaya yox, özlərinə də böyüklük edə bilmədilər və dünyanın üçdə birinə ağalıq istəyi Roma, yaxud Britaniya imperiyasından daha böyük bəlalar gətirdi. Yaxşı, indi “böyük qardaş” olmağa can atan yoxdu?

- Elə isə, Zahid Orucun da Böyük Qardaşı varmı?

- Hər kəsin həyatında kimsə rol oynayır. Mənim də taleyimdə mühüm yerə malik insanlar var. Millətlər üçün onların başı üzərində yad əllər və idarəçiliklər quranda, inqilabları bir dövlətin sistemini ixrac etməyə yönəldəndə qardaşlıq düşmənçiliyə çevrilir. Heç bir xalq başqasına təmənnasız hamilik etmir. Hamısının məqsədi istismarçı qəyyumluqdur.

- İşgəncəylə insana sevgi aşılamaq olar? Sonda həmin adam manqurt olacaq...

- Güstav Le Bon deyir ki, kütlə inqilab edəndə zəncirlərdən başqa heç nə itirməsə də, qolundakı buxovu sevir. İnsanın bədəni və ruhu belə xəlq edilib. Ona görə "qorxaraq sevmək lazımdır" fikriylə razılaşmasam da, nəzərə alıram ki, bu hisslər dualist təbiətə malikdilər və bir-birindən ayrılıqda mövcud olmaya bilirlər. Zahid Oruc sevdiyini sadəcə sevir, çünki qorxu ilə gələn hiss müqəddəs deyil. Ancaq biz sona qədər bu problemi həll edə bilməyəcəyik. Ona görə də sevgi qorxusuz təsəvvürə gəlmir.

- Oruell da bunu deyir. Yəni, insanlar hər şeyə rəğmən bu sistemi sevir, sonuncu sevməyən Uinston idi, o da...

- Görünür, "sevgi mütləqdir" formulunu nəzərində tutaraq Uinstonu da, bəlkə elə özünü də sevməyə məhkumların sırasında göstərir. Bilirsiniz ki, Oruell vərəmdən əziyyət çəkirdi və erkən ölümünün də səbəbi elə bu oldu. O, xəstəliyə tabe olduğu kimi ictimai və siyasi sistemlərin də adamları bir epidemiya kimi necə haqladığını yaxşı dərk edirdi.

Ötən əsrin əvvəllərində dünyada ağır müharibələr gedirdi. Heç kəs bunun qarşısını ala bilmirdi. Hətta atom bombalarının yaranması belə bəşəriyyətin təhlükəsizliyinə tam qarantiyaları ortaya çıxarmadı. İnsanlıq yenə də axtarışdadır. Ancaq mən bütün silahlı savaşların tam əleyhinə olan adamam. Çünki bütün yaradılmış nə varsa, onun axırına çıxan müharibələrdir. Baxmayaraq ki, deyirlər millətlər yalnız onda özünü təsdiq edir və zəiflərdən təmizlənib böyüyür. Bu doğru fikir deyil. Ona görə Oruell haqlı olaraq vurğulayır ki, bütün müharibə çağırışlarını, nifrət hisslərini qabardanlar ən sonda savaşa getməyənlərdir. Tolstoy da buna bənzər bir şəkildə qeyd edirdi ki, vətənpərvərlik əclafların sığındığı son sığınacaqdır. Hərəsi bir örtüyə bürünüb dava-dava çağırırlar.

- Demək istəyirsiz ki, hərəsinin bir çadrası var...

- Tamamilə doğrudur. Bu dünya hamıdan aktyorluq tələb edir. Xoşbəxt o adamdır ki, öz rolunu oynayır.

- Oruell İngiltərədə deyil, SSRİ-də yaşasaydı, dünya ədəbiyyatı belə bir yazıçıdan məhrum olardı? Yoxsa siz də düşünürsüz ki, istedad heç vaxt itib-batmır? Hansısa bir formada yazacaqdı...

- Ehtimal edirəm ki, onda yazıçı məsələn, Fadayevin daşıdığı faciələrin başqa bir oxşar nümunəsini yaşayacaqdı. O, əlində Sovet bayrağı Staxanov hərəkatına qoşular, beşillik əmək qabaqcılları ilə bir sırada durardı. Hətta Britaniyada qəzəblə qarşılandığı Stalin-Çörçill ittifaqını da şövqlə tərənnüm edərdi. Ancaq heç kəs zəmanət verə bilməz ki, Oruell növbəti Soljenitsın olmayacaqdı.

- Ümumiyyətlə yazıçı hər şeyi yazmalıdır?

- Əmrlə və dövlət direktivləriylə yazanların əsərləri böyük ədəbiyyat adına layiq görülə bilər. Ancaq hər bir yaradıcı nümunənin qiymətini ən böyük münsif olan zaman verir. Əksinə, sağ ikən heç bir mükafata layiq görülməyən yazıçılar ən böyük şöhrətə o dünyada olanda çatırlar. Ona görə də qələmə göstəriş verəndə o öz müqəddəsləyini itirir.

- Onsuz da hər kəsin içində bir müxaliflik var...

- İnsan zatən, asi yaranıb. Dərk edəndə ki, həyatın sonu var, onda müxalifləşməyə başlayır. Ona görə tənqid janrının azarkeşləri tərifdən həmişə çox olur. Hətta "Şahnamə" əsəri hökmdarın vəsfinə xidmət etməsinə baxmayaraq, onun yaranması müəllifin xilas duyğusuna bağlıydı. Tarix asilərin səsini, razılaşan və barışanlardan daha çox öz yaddaşında saxlamağa meyillidir.

- Bu qədər ürəklə danışırsızsa, bəlkə siz də “2084” romanını yazasız?

- Marksizmin baniləri deyirdilər ki, dünyanın başı üzərində inqilabların kabusu daim dolaşacaq. Onun əbədi və arasıkəsilməz xarakter daşıdığına görə mənim yazacağım “2084” əsəri belə Oruellin başladığı işin sona çatması demək olmayacaq. Çünki dünyada sonuncu insan qalana qədər, bəlkə Adəmə qayıdışadək yer üzərində ağalıq uğrunda mübarizə mütləqdir. Azadlıq varsa, köləlik və qulluq da qaçılmazdır. Elə bilirsiz, təhkimçilik hüququ ləğv olunub deyə, insanlar alınıb-satılmır? İnsanlara od gətirdiyinə görə qayalara bağlanıb ürəyi qartallara yem edilən Prometey də bir müddət sonra atəşdə, tonqalda yandırılanları görüb yenidən Tanrısından günahını bağışlamağı diləyərdi. Ona görə bütün əsrlərin öz “1984”ü olacaq.

- Əgər "1984" romanını yazsaydız, siz də Uinston Smitə işgəncə verərdiz?

- Uinston ölməyə məhkum idi. Tarix əfvi də tanıyır, humanizmə də yer verir. Məgər, Oruell onu öldürməsəydi, yazıçı dünyaya nikbin nəyi təklif edəcəkdi? Axı, dağılan Sovet quruluşundan sonra da Oruell yaşayıb-yaratsaydı, onun qəhrəmanı mütləq özgürlüyə və milli istiqlala qovuşmayacaqdı. Ona görə də mənim qəhrəmanımın aqibəti bundan kəskin fərqlənməyəcəkdi.

- Oruellin fikrincə "Əgər sirri saxlamaq istəyirsənsə, onu özündən də gizlətməlisən". Siz özünüzdən sirr gizlədə bilirsiz?

- Özündən gizlətməsi mümkün olan sirr yoxdur. İnsan özündən ideyaları hansı formada gizlədə bilər? Onun üzərinə gəlməməklə, qovmaqla bundan qaçar. Məsələn, biz hələ indiki gerçəklikdə də Qarabağ savaşını uduzduğumuzu dilimizə gətirmək istəmirik. Onu rus amilinə bağlayırıq, Rusiya dövlətinin burada fəal iştirakından bəhs edib bundan yayınırıq. Halbuki, bu davanı uduzmuşuq. Yaxud da əgər bizə bir kimsə sərt bir sillə vursa, 5-10 gündən sonra bunu beynimizdə adiləşdiririk, tədricən başqa səhnəyə keçiririk, ən sonda az qala hər gün o şəxsi döyürük, hələ üstəlik, virtual qalib də oluruq. Fransızlar buna “pilləkəndə hazırcavablıq” deyirlər. Ancaq özündən kənara çıxa bilməzsən və sirlərindən nə qədər qaçsan da, səni haqlayacaq. Doğrudur, insan bəzən düşündüyü kimi olmur, özünü dəqiq ifadə etmir.

- Corc Oruell olmasaydı ədəbiyyat nə itirərdi? Başqa biri "1984"ü yazardı? Yoxsa...

- Kimsə deyə bilər ki, bəşəriyyətə Oruell daha çox zərbə vurub. Çünki onun əsərlərinin istənilən qanlı sistemlərin “Yaşıl kitab”ı olması mümkündür. Ancaq Qərb SSRİ-ni dağıdarkən belə ədəbi silahlardan istifadə etmədiyini də heç kəs inkar edə bilməz.

- Oruellin iki cümlə ilə portretini cızın...

- Corc Oruell bütün əsrlərin insanıdır. Çünki bütün dövrlərin mənzərəsini özündən keçirməyi bacardığı üçün onu peyğəmbər missiyasına bərabər bir yolçuluqda qəbul etmək mümkündür. Sözdən çəkilmiş mənzərələr fırçaların yaratdığı rəsmlərdən az ecazkar deyil. Buna görə də biz onu şüurlara sızan energetik güc, nüfuzetmə qabiliyyəti Rentgen şüalarından qüvvətli olan hisslər selinin sahibi, psixoloji portretlər ustası və mənəvi heykəltəraşlıq nümunələri yaradan böyük yazıçı adlandırmalıyıq. Oruellin kitabları həqiqətən də yanmayacaq - bu gün hansı diktatura və ya demokratiya tonqallarına atsalar da oradan səsi eşidiləcək!

Son xəbərlər

Orphus sistemi