​Nazir müavini: “Azərbaycan kitabxanaları 2 milyondan çox oxucuya xidmət edir”

​Nazir müavini: “Azərbaycan kitabxanaları 2 milyondan çox oxucuya xidmət edir” “Bizim kitabxanalarda 10 mindən çox insan çalışır”
Ədəbiyyat
10 Aprel , 2015 17:04
​Nazir müavini: “Azərbaycan kitabxanaları 2 milyondan çox oxucuya xidmət edir”

Bakı. 10 aprel. REPORT.AZ/ Xaçmaz rayonunun Tarix-diyarşünaslıq muzeyində kitabxanaçıların Quba-Xaçmaz zonası üzrə (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) müşavirəsi keçirilib. 

“Report”un xəbərinə görə, müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Azərbaycan Milli Kitabxanasının nümayəndələri və Quba-Xaçmaz zonası üzrə rayon kitabxanalarının mütəxəssisləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində əsası qoyulan fəaliyyət istiqamətlərinin ardıcıl və davamlı inkişafının təmin olunması üçün kitabxanaların müasir dövrdə rolu, fəaliyyəti, problemləri, onların inkişaf perspektivlərini geniş şəkildə müzakirə etmək, mövcud vəziyyəti təhlil edib qiymətləndirmək və qarşıdakı vəzifələri müəyyənləşdirməkdən ibarət olub.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, informasiya cəmiyyətində informasiyanın bir yerə toplanıb saxlanılmasında kitabxanaların rolu və mövqeyi əvəzolunmazdır: “Kitabxanalar informasiyanı toplayıb saxlamaqla yanaşı, əldə olunan informasiyanın təyinatı və tələbatı üzrə paylanmasını, çatdırılmasını bilavasitə yerinə yetirən və xalqla sıx əlaqədə olan sosial qurumlardır. Azərbaycan 20 ildən artıqdır ki, müstəqildir və müstəqil ölkədə digər sahələr kimi kitabxana işi də durmadan inkişaf edir, informasiya cəmiyyəti qurulur, milli şəbəkə infrastrukturu formalaşır. Əldə olunan bu nailiyyətlər şübhəsiz ki, dövlətin dəstəyi olmadan reallaşa bilməzdi”.

Nazir müavini qeyd edib ki, geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxana mövcuddur. Onlardan 3 min 172-si Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə daxildir: “Bizim kitabxanalarda 10 mindən çox insan çalışır, onlardan 8 min 285-i kitabxanaçı kadrlardır. Bu kitabxanalar 2 milyondan çox oxucuya xidmət edir. Kitabxanalar vasitəsilə oxucuların ixtiyarına 32 milyon 300 mindən çox ədəbiyyat verilib (kitab, CD, DVD, qəzet və jurnallar və s.)”.

Nazirliyin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədovanın çıxışında kitabxanaların vəziyyətinin geniş təhlili aparılıb, onların nailiyyətlərindən, habelə nöqsan və çatışmazlıqlarından söhbət açılıb.

Tədbirdə kitabxanaçılara tövsiyə və məsləhətlər verilib, onlar bir-biri ilə təcrübə mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi