Moskvada xalq yazıçısı Anarın əsərləri çapdan çıxıb

Moskvada xalq yazıçısı Anarın əsərləri çapdan çıxıb Millətlər evində kitabların təqdimatı və azərbaycanlı yazıçı ilə imza günü keçirilib
Ədəbiyyat
20 İyun , 2016 15:19
Moskvada xalq yazıçısı Anarın əsərləri çapdan çıxıb

Bakı. 20 iyun. REPORT.AZ/ Moskvada Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın bir neçə əsəri çap edilib.

Bu barədə "Report"a AYB-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, xalq yazıçısının "Veçe" nəşriyyatında "Navajdenie" ("Vahimə") adlı povest və hekayələr toplusu, "Mərcani evi" nəşriyyatında "Dədə Qorqud" kinodastanı nəşr olunub.

Yazıçının "Biblioteka "Oqonka" populyar seriyasında 40 min tirajla "Ya, tı, on i telefon" hekayələr kitabı çapdan çıxıb, "Drujba narodov" jurnalının iki müxtəlif sayında "Ağ qoç, qara qoç" və "Göz muncuğu" povestləri dərc olunub.

Eyni zamanda, "Xudojestvennaya literatura" nəşriyyatı yazıçının nəsr əsərlərinin daxil olduğu ikicildlik kitab buraxıb. Çingiz Aytmatovun ön sözüylə açılan birinci cilddə hekayələri və "Əlaqə", "Otel otağı" povestləri verilib. İkinci cilddə isə "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Dantenin yubileyi", "Macal", "Ağ qoç, qara qoç", "Göz muncuğu" roman və povestləri toplanıb, həmçinin filologiya doktoru Əbuzər Bağırovun Anar haqqında bioqrafik məlumat yazısı verilib.

"Vremya" nəşriyyatının buraxdığı "Bez vas" ("Sissiz") kitabına isə eyni adlı xatirə-roman, "Parisdə höcət" ("Bunin və Banin") kinopovesti, Vladimir Mayakovski, Dmitri Şostakoviç, Konstantin Simonov, Yuri Trifonov, Yevgeni Yevtuşenko, Vasili Aksyonov, Vladimir Amlinski, Rimma Kaşakova haqqında esselər və "Gecə düşüncələri"nin tam mətni daxil edilib.

Moskvada Millətlər evində kitabların təqdimatı və azərbaycanlı yazıçı ilə imza günü keçirilib. 

Son xəbərlər

Orphus sistemi