Yuxarı
    Bağlamaq

    Maqsud İbrahimbəyovla vida mərasimi keçirilib - FOTO

    Maqsud İbrahimbəyov I Fəxri Xiyabanda dəfn olunacaq

    Bakı. 23 mart. REPORT.AZ/ Martın 22-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 81 yaşında dünyasını dəyişib.

    "Report" xəbər verir ki, mərhumla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilib. Vida mərasimində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mərhumun ailə üzvləri və qardaşı Rüstəm İbrahimbəyov, dövlət rəsmiləri, tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri və s. iştirak ediblər.

    Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azərpaşa Nemət, kinorejissor Oqtay Mirqasımov, mərhumun oğlu Murad İbrahimbəyov çıxış edərək öz xatirələrini bölüşüblər. 

    Maqsud İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq.

    Qeyd edək ki, Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində təhsil alıb. Eyni zamanda, İnstitutun çoxtirajlı "Politexnik" qəzetində ştatdankənar müxbir kimi çalışıb.

    Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis, Moskva Ali ssenaristlər kursunda müdavim, Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Bədii yaradıcılığa 1960-cı illərdə başlayıb. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyətiylə SSRİ miqyasında tanınıb. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub. 

    "Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib. "Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR dövlət mükafatı verilib.

    Maqsud İbrahimbəyovun bir ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri var. Onun ssenariləri əsasında çəkilən filmlər tamaşaçıların rəğbətini qazanıb. Yazıçının əsərləri əsasında “Azərbaycanfilm” və digər kinostudiyalarda istehsal olunmuş filmlər kinematoqrafiyamızın tarixinin önəmli səhifələrini təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi