Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzaver Alpsarın rəsm əsərlərindən ibarət İstanbulda qurulmuş sərginin açılışında mədəniyyət və incəsənət xadimləri, diplomatlar, bu şəhərdə yaşayan soydaşlarımız iştirak ediblər.
"Report" AzərTAc-a istinadən xəbər verir ki, sərgidə Feyzaver Alpsarın əsasən dəri üzərində yağlı boya ilə çəkdiyi tablolar nümayiş olunur.
Azərbaycan musiqisinin sədaları altında sərgi ilə tanış olan ziyarətçilər rəssamın yaradıcılıq üslubu, həyat verdiyi əsərlərin məzmun və mahiyyəti barədə məlumatlandırılırlar.
Taksimdə açılan sərgi dekabrın 18-dək davam edəcək.