Ərtoğrol Cavidin əsərlərinin son 3 cildinin təqdimat mərasimi keçirilib

Ərtoğrol Cavidin əsərlərinin son 3 cildinin təqdimat mərasimi keçirilib Kitabları muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tərtib edib
Ədəbiyyat
22 Oktyabr , 2015 17:57
Ərtoğrol Cavidin əsərlərinin son 3 cildinin təqdimat mərasimi keçirilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin son 3 cildinin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Hüseyn Cavidin Ev Muzeyi yayıb.

Kitabları muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tərtib edib. 

Üçcildliyə “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” daxil edilib. 

Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Ərtoğrol Cavidin anadan olmasının 96-cı ildönümü münasibətilə Hüseyn Cavidin Ev Muzeyində tədbir keçirib. Tədbir çərçivəsində yeni üçcildliyin təqdimatı olub. 

G.Babaxanlı Ə.Cavidin həyat və yaradıcılığından danışıb: "1919-cu il oktyabrın 22-də böyük şair Hüseyn Cavidin ailəsində bir sevinc yaşanıb. Bu sevinc dahi dramaturqun oğlunun dünyaya gəlməsi ilə bağlı idi. Görkəmli ədib oğlunun adını Ərtoğrol qoydu. Ərtoğrol da öz adına layiq bir övlad oldu. Nə yazıq ki, çox qısa bir ömür yaşadı. Amma bu qısa ömründə xalqımız üçün çox mühüm işlər görməyi bacardı. Onun muzeydə qorunan şəxsi arxivində çox böyük milli məsələləri özündə əks etdirən əlyazmaları var. Həmin əlyazmalar əsasında hazırlanan və məhz bu gün Ərtoğrol Cavidin doğum günündə çapdan çıxan bu kitablar muzeyin kollektivinin mədəniyyətimizə gözəl bir hədiyyəsidir". 

Qeyd edək ki, “Balaman məktəbi” Azərbaycan musiqişünası Saleh Əbdüləlimovun musiqi məktəbləri üçün tərtib etdiyi dərslikdir. Dərslik 1937-ci ildə hazırlansa da, o dövrdə Azərbaycanın ictimai-siyasi həyatının az qala bütün sferalarına nüfuz etmiş erməni şəbəkəsinin “səyi” nəticəsində çap olunmayıb və əsərin orjinal nüsxəsi Ərtoğrol Cavidin şəxsi arxivində uzun illər mühafizə edilib, saxlanıb.

Parlaq istedada və yüksək intellektə malik Ərtoğrol Cavid “Balaman məktəbi”nə rus dilində yazılmış ön sözü dilimizə tərcümə edib, dərsliyin tərtibi ilə əlaqəli materialların, o cümlədən iclas protokollarının toplanıb hazırlanmasında yaxından iştirak edib.

Xatırladaq ki, üzərində Ərtoğrol Cavidin də böyük əməyi olan “Balaman məktəbi” adlı dərsliyin ilk nəşridir. Dərsliyin orjinalının qorunaraq günümüzə qədər gəlib çıxması Ərtoğrol Cavidin xidmətidir.

Son xəbərlər

Orphus sistemi