Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda mərhum şairimiz Ələkbər Salahzadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb.
Tədbirdə “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı, AYB-nin sədri, xalq yazıçısı Anar, AYB-nin I katibi Fikrət Qoca, "Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, ssenarist Rafiq Səməndər, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, şairlər Balayar Sadiq, Tofiq Nurəli, Oqtay Rza, Abbas Abdulla və digərəri Ə.Salahzadənin həyat və yaradıcılığından bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.
AYB-nin sədri Anar çıxışında bildirib: “O zamanlar belə bir fikir var idi ki, Rəsul Rza ətrafında öz ədəbi məktəbini toplayır. Ancaq sonradan onun dəstək olduğu müəlliflərin, o cümlədən, İsa İsmayılzadə və Ələkbər Salahzadənin də istedad sahibi olduqları üzə çıxdı. Ə.Salahzadə saf və təmiz bir insan idi. Ədəbiyyatdan başqa heç bir marağı olmayan, şöhrətpərəstlik arxasınca düşməyən, özünü sözə, şeirə bağlamış qiymətli, dəyərli şairlərdən biri idi”.
Görkəmli şair Ramiz Rövşən Ə.Salahzadənin Azərbaycan poeziyasının öz fərdi üslubunu yaratmış önəmli nümayəndələrindən biri olduğunu vurğulayıb: “60-70-ci illərdə ədəbiyyat və poeziyamız öz intibah dövrünü yaşayırdı. Həmin dövrdə bu ədəbi silsiləyə qoşulmaq olduqca çətin bir iş idi. Ə.Salahzadə o parlaq imzalar içində sayılıb-seçilən şairlərdəndir. İsa İsmayılzadə ilə Ələkbər Salahzadə poeziyaya birgə gəliblər. Ancaq bir-birilərindən tamamilə fərqlənirdilər. Ə.Salahzadənin hissləri şeirdə daha alt qatları ilə ifadə olunurdu. İ.İsmayılzadənin hissiyatı isə nisbətən üzdə idi. Ə.Salahzadənin şeirlərində böyük ustalıq, sənət işi var idi. Onun şeirlərinin alt qatında riyazi təfəkkür güclü idi. O, söz kombinasiyasının əvəzsiz ustasıdır. Ə.Salahzadə Avropa şeir tərcüməsini tam götürmüş, ancaq hissiyatı bütünlükdə bizə aid şairdir. Onun kimi söz memarları Azərbaycan poeziyasında olduqca azdır. Özünü ifadə etməyin ən ustad yollarını tapanlardan biri də Ə.Salahzadədir”.
Xatırladaq ki, "Qobustan” jurnalının keçmiş baş redaktoru, şair Ələkbər Salahzadə uzun sürən xəstəlikdən sonra 2013-cü il sentyabrın 1-də vəfat edib.