Tbilisi. 5 noyabr. REPORT.AZ/ Noyabrın 5-də Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin gürcü dilinə tərcümə olunmuş hekayələrindən ibarət “Poçt qutusu” kitabının təqdimatı olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, kitabın müəllifi ədəbiyyatşünas-tədqiqatçı, tərcüməçi Almaz Mirzəoğludur (Almaz Maşov).
O, C.Məmmədquluzadənin ən maraqlı və dərin mənalı 13 hekayəsini gürcü dilinə çevirdikdən sonra “Poçt qutusu” adlı yeni kitab kimi nəşr etdirib.
Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani mərasimdə bildirib ki, dövrünün realist tənqidçisi C.Məmmədquluzadənin hekayələrinin gürcü dilinə tərcümə olunması Azərbaycan və gürcü xalqları arasında mədəni, elmi əlaqələrin inkişafına töhfədir.
O, belə bir kitabı ərsəyə gətirdiyinə görə, müəllifə minnətdarlıq edib.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bir zamanlar Tbilisidə yazıb yaratmış ədiblərimiz - M.F.Axundzadə və C.Məmmədquluzadənin yaradıcılığından söz açıb. M.F.Axundzadəni Şərqdə komediya janrının, C.Məmmədquluzadəni isə tragikomediyanın baniləri adlandıran akademik deyib ki, onların yazdıqları hekayələr, komediya və dram əsərləri millətin maariflənməsində mühüm rol oynayıb.
Gürcüstanın tənqidçi alimi Levan Breqadze, Gürcüstan Elmlər Akademiyasının akademiki Rain Metreveli, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, ədəbiyyatşünas alim Bədirxan Əhmədov və başqaları çıxış edərək “Poçt qutusu” kitabındakı hekayələr barədə fikirlərini bölüşüb, C.Məmmədquluzadənin yaradıcılığından söz açıblar.
Almaz Mirzəoğlu deyib ki, elmi tədqiqat və tərcümə işlərini bundan sonra da davam etdirəcək. O, yaradıcılığına verilən qiymətə görə minnətdarlıq edib.
Kitabın elmi redaktoru İrma Ratiani, nəşriyyat redaktorları gürcü tədqiqatçısı Nariman Yasağaşvili (Naro Qolxeli) və Mirzə Məmmədoğludur.
Tədbirdə filologiya elmləri doktoru, professor, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının (Orxan Paşa) gürcü dilinə tərcümə olunmuş “Yağmur qoxusu” adlı şeirlər kitabının da təqdimatı olub.
Çıxış edənlər M.Qasımlının yaradıcılığından söz açıb, onun yaradıcılığında Vətənə, xalqa, millətə sevginin əsas yer tutduğunu qeyd ediblər.
Kitabdakı şeirləri gürcü dilinə Mirzə Məmmədoğlu və tanınmış gürcü şairi mərhum Avto Çxaidze tərcümə ediblər.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva, Azərbaycanın və Gürcüstanın yazıçılar birliklərinin üzvləri, elm, ictimayyət xadimləri iştirak ediblər.