Özbək tarixçi: "Bu günə kimi Özbəkistandan Ermənistana heç bir rəsmi səfər təşkil olunmayıb"

Özbək tarixçi: "Bu günə kimi Özbəkistandan Ermənistana heç bir rəsmi səfər təşkil olunmayıb" Bakıda Özbəkistan alimi Şöhrət Barlasın kitablarının təqdimatı keçirilib
Ədəbiyyat
25 Oktyabr , 2016 12:17
Özbək tarixçi: Bu günə kimi Özbəkistandan Ermənistana heç bir rəsmi səfər təşkil olunmayıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ AMEA Tarix İnstitutunun Elmi Şurasında tanınmış özbək alimi Şuxrat Salamovla görüş keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Ş.Salamovun Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” adlı kitablarının təqdimatı keçirilib.

Tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq bildirib ki, mühüm elmi və siyasi əhəmiyyət kəsb edən bu kitabların təqdimatının keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin qeyd edildiyi vaxta təsadüf edir: "Şuxrat bəy hələ “Türküstan və Cənubi Qafqaz XlX-XX əsrlərdə, Daşnaklar: Fərqanədən Qarabağadək” kitabı üzərində işləyərkən günlərlə Prezident Kitabxanasında olub".

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, təqdim olunan kitabın baş mövzusu erməni daşnaklarının bütövlükdə türk xalqlarına qarşı yönəlmiş soyqırımlarını aşkara çıxarmaqdır: "Dövlət başçısının da dəstəyi ilə Azərbaycanda xalqımıza qarşı erməni daşnakları tərəfindən zaman-zaman soyqırımların törədildiyi sənədlər əsasında sübut olunub. Soyqırıma həsr olunmuş iki konfrans keçirmişik. Üçüncünü də mart-aprel aylarında keçirəcəyik”. Onun sözlərinə görə, “Qarabağ: ideyalar müharibəsi” kitabında erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb: “Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır”.

Daha sonra Ş.Salamov “Daşnaksütyun Azərbaycan və Türküstanda soyqırımların təşkilatçısı kimi” mövzusunda məruzə ilə çıxış edib: "Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradıldığı vurğulanır. Biz bilirik ki, Azərbaycan ordusu qısa bir zamanda müharibə yolu ilə nəinki öz torpaqlarını işğaldan azad edər, hətta İrəvanı da ala bilər. Amma azərbaycanlılar uşaqları, dinc əhalini öldürməzlər. Multikultural dəyərlərə üstünlük verən Azərbaycan sülhsevərliyi ilə dünyada tanınır”. Özbək tarixçi vurğulayıb ki, Özbəkistan müstəqil olduğundan bu günə kimi Ermənistana heç bir rəsmi səfər təşkil olunmayıb və həmin ölkədə səfirliyini açmayıb.

Təqdimatda qeyd olunub ki, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” kitabında böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, həm də Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur. Ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir.

Görüşdə Ş.Barlasa Tarix İnstitutunun fəxri doktoru adı verilməsi haqqında Elmi Şuranın qərarı səsləndirilib və ona fəxri doktor diplomu təqdim olunub.

Son xəbərlər

Orphus sistemi