Tbilisidə Əhməd Cavadın adını daşıyan küçənin lövhələrindəki səhv düzəldilib

Tbilisidə Əhməd Cavadın adını daşıyan küçənin lövhələrindəki səhv düzəldilib Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın böyük şairi Əhməd Cavadın adını daşıyan küçədəki ünvan lövhələri yeniləri ilə əvəzlənib.
Ədəbiyyat
6 Aprel , 2022 13:52
Tbilisidə Əhməd Cavadın adını daşıyan küçənin lövhələrindəki səhv düzəldilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın görkəmli şairi Əhməd Cavadın adını daşıyan küçədəki ünvan lövhələri yeniləri ilə əvəzlənib.

“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Şurasının Ad və simvolika üzrə Komissiyasının tapşırığı əsasında küçədə şairin ingilis dilində soyadının səhv yazıldığı lövhələr götürülüb.

2011-ci ildən Tbilisinin İsani rayonunda Ə.Cavadın adını daşıyan küçədə artıq yeni hazırlanmış və istiqlal şairimizin ingilis dilində ad və soyadının düzgün formada yazıldığı 38 ədəd lövhə quraşdırılıb.

Ünvan lövhələri ilə bağlı məsələni “Report”un Gürcüstan bürosu gündəmə gətirmişdi. 2020-ci ilin fevralında lövhələrdə səhvə yol verilməsi barədə məlumat Ad və simvolika üzrə Komissiyanın diqqətinə çatdırılıb. Qurumdan bildirilmişdi ki, səhvlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.

Son iki il ərzində məsələ həllini tapmadığından “Report”un Gürcüstan bürosu bu ilin fevral ayında Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə müraciət edib. Muzeyin direktoru Leyla Əliyeva adıçəkilən komissiyanın sədri Nino Vardosanidzeyə məktub ünvanlayaraq lövhələrdə səhvin aradan qaldırılmasını xahiş edib.

Muzeyin direktor müavini Leyla Əliyeva “Report”a müsahibəsində bildirib ki, məsələ ilə bağlı komissiyanın sədri N.Vardosanidze ilə görüş keçirilib. O, görüş zamanı diqqətə çatdırıb ki, Ə.Cavad Azərbaycanın məşhur şairi, ictimai xadimi və dövlət himninin müəllifidir, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan Azərbaycan dilinə tərcümə edib:

“Söhbət zamanı xatırlatdım ki, bu ilin may ayının 5-də Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü tamam olacaq. Tbilisidə onun adına daşıyan küçədəki lövhələrdəki səhvlərin düzəldilməsi ədibin xatirəsinə ehtiramın ifadəsi olar. Bizə bildirildi ki, aprel ayının 10-dək lövhələr yeniləri ilə əvəzlənəcək. Komissiya rəhbərinin verdiyi vəd tam vaxtında yerinə yetirildi. Müraciətimizi qısa vaxt ərzində təmin etdiklərinə görə Tbilisi Şəhər Şurasının rəhbərliyinə, Ad və simvolika üzrə Komissiyasının sədr və üzvlərinə təşəkkürümü bildirirəm”.

L.Əliyeva əlavə edib ki, M.F.Axundzadə adına Mədəniyyət Muzeyinin təşkilatçılığı və Tbilisi Şəhər Şurasının dəstəyi ilə Ə.Cavadın 130 illiyinə həsr olunan tədbirin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi