Yuxarı

Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçiriləcək

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 13-ü saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçiriləcək. 

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA-nın Bakıda Koordinatorluğunun birgə təşkilatçılığı ilə baş tutacaq.  

Paneli giriş sözü ilə AYB-nin sədri, xalq yazıçısı Anar açaraq qonaqları salamlayacaq. Ardınca TİKA-nın Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxış edəcəklər.

Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələr edəcəklər.

Həmçinin həmin gün saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək “Ustada sayğı gecəsi” Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını özündə əks etdirən videoçarxla başlayacaq.

AYB-nin sədri, xalq yazıçısı Anar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir və TİKA-nın Bakı koordinatoru Teoman Tiryakinin çıxışlarından sonra şairin “Əlvida” şeiri öz səsindən təqdim olunacaq.

Xalq artistləri - Flora KərimovaGülyazGülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnıları ifa edəcəklər.

Xalq şairi Sabir Rüstəmxanlının Bəxtiyar Vahabzadə yaradıcılığı haqqındakı çıxışından sonra tamaşaçılar “Özümüzü kəsən qılınc” səhnə əsərinə baxacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi