Bakıda keçiriləcək IV "LiFFt" festivallar festivalı ilə bağlı mətbuat konfransı təşkil olunub

Bakıda keçiriləcək IV "LiFFt" festivallar festivalı ilə bağlı mətbuat konfransı təşkil olunub Bu gün Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə IV LiFFt festivallar festivalının Azərbaycanda keçirilməsinə həsr olunan mətbuat konfransı təşkil olunub.
Ədəbiyyat
27 May , 2019 15:25
Bakıda keçiriləcək IV LiFFt festivallar festivalı ilə bağlı mətbuat konfransı təşkil olunub

Bu gün Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə IV "LiFFt" festivallar festivalının Azərbaycanda keçirilməsinə həsr olunan mətbuat konfransı təşkil olunub.

"Report" xəbər verir ki, Avrasiya Millətlər Assambleyası və Rusiyanın "LiFFt" Beynəlxalq Humanitar Fondu tərəfindən təşkil edilən festival sentyabrın 30-dan oktyabrın 3-dək Bakı şəhərində keçiriləcək.

Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir.

BMT-nin himayəsi altında, UNİSEF-in dəstəyi ilə keçirilən festivalın mətbuat konfransında məlumat verilib ki, Avrasiya materikinin ədəbiyyat üzrə "LiFFt" festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə etir.

Təşkilat Komitəsində Oljas Süleymenov, Marqarita Al, Sergey Biryukov, Nadao Sendao, Vladimir Delba, Aleksandr Ratkeviç kimi nüfuzlu ədəbiyyat xadimləri yer aldığı üçün analoji layihələr arasında ən irimiqyaslısı və maraq doğuranı hesab olunur.

2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən 3-cü Avrasiya materikinin "LiFFt" festivallar festivalında 27 ölkədən qatılan 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub.

Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edəcək.

Tədbirdə çıxış edən "LiFFt"in təşkilat komitəsinin sədri Marqarita Al Bakıda keçiriləcək tədbirin festival tarixində ən parlaq səhifələrdən biri olacağına inandığını bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə "Nəsimi ili" elan etməsi şərəfinə Təşkilat Komitəsi 4-cü Bakı festivalının da İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul edilib. Bu il festival çərçivəsində ədəbiyyat forumu, "dəyirmi masa"lar, ustad dərsləri, kitab sərgiləri və təqdimatları, poeziya gecələri kimi müxtəlif tədbirlər də keçiriləcək”.

Daha sonra çıxış edən almaniyalı fotoqraf və rəssam Aleksandr Andreyev festival çərçivəsində keçiriləcək sərgilər barədə məlumat verib və Avropanın əlamətdar mədəniyyət hadisələrindən sayılan "Perqamon qurbangahının ikinci həyatı" sərgisindən söz açıb.

“LiFFt" festivallar festivalının ötənilki qalibi, layihənin hazırkı baş koordinatoru Varis Yolçuyev çıxışında tədbirin keçirilmə qaydaları və seçim turlarının şərtlərindən danışıb: "Bu il Bakının ev sahibliyi edəcəyi festivalda materikin 52 ölkəsindən 150 yazıçı iştirak edəcək. Seçim turlarına iyun ayından start veriləcək. Artıq 2 mindən çox yazıçı iştirak etmək üçün müraciət edib. Ev sahibliyi etdiyi üçün Bakıdan festivala 30 yazıçı qatıla biləcək. Bu il nüfuzlu dünya yazarlarından qazax yazıçısı Oljas Süleymenov, məşhur Rusiya şairi Konstantin Kedrov-Çelışev, tanınmış Fransa rejissoru və şairi Martin Dinkov, amerikalı yazar Selim Azimoviç, görkəmli İsrail dramaturqu İdo Netanyahu, tanınmış İtaliya ədibi Massimo Madrisio, avstriyalı yazıçılar Sergey Klık, Tatyana Bonç-Osmolovskaya, Belarus yazıçısı Aleksandr Ratkeviç, şeirləri türk dünyasında dillər əzbəri olan Serhat Kabaklı, Monqolustan şairi, Dünya poeziyası almanaxının rəhbəri, Ümumdünya Sülh mükafatı laureatı Hadaa Sendoo, polşalı Kşiştof Zartavski, yaponiyalı Akifumi Takeda, çexiyalı Boris Qoldberq, macarıstanlı Aron Qaal, danimarkalı Nina Qeyde, serbiyalı Danilo Jokanoviç, slovakiyalı Valeri Kupka, finlandiyalı Olqa Svanberq, çernoqoriyalı Slobodan Vukanoviç, tatar yazar Nikolay Şamsutdinov və digərləri seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək”.

O əlavə edib ki, Azərbaycan ev sahibi olduğu üçün iştirakçı kimi 30 nəfər qatıla biləcək: "Tədbirin rəsmi dili ingilis və rus dilidir. Azərbaycandan festivala qatılmaq istəyənlər bu iki dildən birində və Azərbaycan dilində təyin olunan həcmdə əsərlərini göndərəcəklər".

Festivalın Azərbaycan üzrə koordinatoru Nigar Həsənzadə isə Azərbaycan üzrə fəxri spikerlərin adlarını açıqlayıb: “Anar Rzayev, Elçin Əfəndiyev, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Çingiz Abdullayev və Afaq Məsud dəyərli spikerlərin adını çəkmək olar. Proqrama Azərbaycanla bağlı daxil olan məqamlardan biri də ölkəmizin populyar ədəbi layihələrindən olan "Söz" layihəsidir. Bu layihə ölkəmizin ictimai həyatında çox önəmli rol oynayır. Festivalda daha bir diqqət çəkən məqam əcnəbi yazçılar arasında keçiriləcək "Mən Azərbaycanı niyə sevdim" müsabiqəsi olacaq. Bu müsabiqədə kiçik yazı, şeir və esse formasında öz fikirlərini ifadə edə biləcəklər".

Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçılarında biri olan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı ölkədə ədəbiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb: “Bu gün ölkəmizdə ədəbiyyat sahəsində dünya miqyasında tanınan yazıçılarımız var. Xüsusilə bu il bu gözəl tədbirə ev sahibliyini bizə gətirdiyi üçün gözəl yazıçımız Varis Yolçuyevə təşəkkürümü bildirirəm. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin ədəbiyyatın təbliği ilə bağlı bir sıra uğurlu layihələri gerçəkləşdirilib. IV "LiFFt" festivallar festivalının Bakıda keçirilməsi olduqca qürurverici haldır”.

Konfransda qeyd olunub ki, festivalda materik ədəbiyyatının nüfuzlu nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq.

Keçiriləcək ədəbiyyat forumları, "dəyirmi masa"lar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.

Son xəbərlər

Orphus sistemi