Azərbaycanlı yazıçının kitabı Almaniyada çap olunub

Azərbaycanlı yazıçının kitabı Almaniyada çap olunub Berlində kitabın təqdimatı və müəlliflə görüş keçirilib
Ədəbiyyat
7 Fevral , 2017 17:16
Azərbaycanlı yazıçının kitabı Almaniyada çap olunub

Bakı. 7 fevral. REPORT. AZ/ Yazıçı-publisist Vüqar Dəmirbəylinin Azərbaycan nağıllarının motivləri əsasında yazdığı "Məlikməmmədin başına gələn inanılmaz əhvalat və başqa Azərbaycan nağılları" kitabı alman dilində nəşr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Alman-Azərbaycan Ziyalıları Birliyinin (AAZB) təşəbbüsü və təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlindəki “Azərbaycan evində” kitabın təqdimatı və müəlliflə görüş keçirilib.

Görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Rüfət Həmidov, alman ictimayətinin nümayəndələri, o cümlədən şərqşünas alim, professor Udo Ştaynbax, Berlin Azad Universitetinin əməkdaşı Dr. Enrico Seevald və başqa ziyalılar, həmçinin, bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.

AAZB-nin sədri Naibə Şirinova qonaqları salamlayaraq hər bir ölkənin təbliğində, dövlətçilik ənənələrinin tanıdılmasında, xalqın mədəniyyətinin qorunub saxlanmasında ədəbiyyatın böyük rolu olduğunu qeyd edib. O, dastanların, əfsanə və nağılların hər bir xalqın ədəbiyyatında olduğu kimi Azərbaycan ədəbiyyatının da mühüm hissəsi sayıldığını deyib.

Daha sonra N.Şirinova qələmi ilə təkcə Azərbaycanda deyil, Almaniyanın ədəbi mühitində də tanınan Vüqar Dəmirbəylinin həyat və yaradıcılığından danışaraq yazıçının Frankfurtun “Qrössen Van” (Grössen Wahn) nəşriyyatında alman dilində çap olunan "Məlikməmmədin başına gələn inanılmaz əhvalat və başqa Azərbaycan nağılları" kitabı haqqında məlumat verib.

Görüşdə iştirak edən "Qrössen Van”nəşriyyatının nümayəndəsi və redaktoru Edit Engelman müəlliflə birgə işindən danışaraq kitabla bağlı təəssüratlarını bölüşüb. O, müəllifin Azərbaycan xalq nağıllarının motivləri əsasında yazdığı hekayələrin gözəlliyindən, dərinliyindən bəhs edərək Azərbaycan haqqında təsəvvürünün genişləndiyini qeyd edib.

Sonra müəllif Vüqar Dəmirbəyli kitabın yaranma ideyasından, gələcək planlarından danışaraq tədbir iştirakçılarına  "Məlik Məmməd" və "Qız qalası" nağıl-hekayələrindən hissələr oxuyub.

Tədbirdə gənc soydaşımız Oqtay Bədəli və AAZB-nin üzvü Matias Volf katabdakı "İlanlar padşahı" nağıl-hekayədən bir hissəni qonaqlara təqdim ediblər. 

Son xəbərlər

Orphus sistemi