Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib - YENİLƏNİB-4

Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib - YENİLƏNİB-4 Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.
Ədəbiyyat
26 Oktyabr , 2022 17:27
Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib - YENİLƏNİB-4

Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

“Report” xəbər verir ki, AYB-nin XIII qurultayında səsvermə keçirilib. Belə ki, AYB sədrliyinə namizəd şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Səsvermə nəticəsində yeganə namizəd Anar daha 5 il müddətinə AYB sədri seçilib.

Digər iki namizəd namizədliklərinin səsə qoyulmamasına etiraz edib və mübahisə düşüb. Anar Rzayev isə həmin şəxslərə növbəti qurultayda uğurlar arzulayıb.

Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.

15:23

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.

"Report" xəbər verir ki, qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

11:45

Azərbaycan Yazıçılar Birliyinin üzvləri və XIII qurultayın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciəti  AYB-nin katibi İlqar Fəhmi oxuyub.

Müraciətdə yazıçılar Azərbaycanın tarixi qələbəsinə, ədəbiyyat sahəsinə göstərdiyi diqqət və qayğısına görə ölkə Prezidentinə təşəkkür ediblər.

11:37

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı davam edir.

“Report” xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər.

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı ilə əlaqədar iştirakçılara müraciət ünvanlayıb. Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

10:59

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.

“Report” xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda AYB-nin dəvətilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.

Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.

XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.

AYB-nin hazırkı sədri Xalq yazıçısı Anar Rzayevdir.

Son xəbərlər

Orphus sistemi