Yuxarı

​Azərbaycan və Türkiyə yazıçıları əməkdaşlıq edəcək

AYB ilə İLESAM arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi ilə Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi (İLESAM) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Report" AYB.az saytına istinadən xəbər verir ki, müqaviləni AYB sədri, xalq yazıçısı Anar və İLESAM-ın sədri Məhmət Nuri Parmaksız imzalayıb.

AYB katibi Rəşad Məcid bildirib ki, müqavilədə ədəbiyyat sahəsində hər il ən azı iki əsərin qarşılıqlı tərcüməsi və yayımlanması, “XXI əsr Türkiyə-Azərbaycan Şeir və Hekayə Antologiyası”nın birlikdə hazırlanması, yazıçı və şairlərin ortaq bioqrafik əsərlərinin nəşr edilməsi, ildə bir dəfə növbəli şəkildə Azərbaycanda, sonra Türkiyədə geniş şeir günlərinin keçirilməsi nəzərdə tutulur: "Həmçinin qurumlar uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq edəcək, hər iki ölkədə yazarların imza günləri keçiriləcək".

Mərasimdə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, “Ədəbiyyat Qəzeti”nin baş redaktoru Azər Turan, “Azərbaycan” dərgisinin baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” dərgisinin baş redaktoru Qulu Ağsəs, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət Müşaviri Seyid Əhməd Arslan, İLESAM-ın sədr müavini İlter Yeşilay, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov, “Elm və Təhsil” nəşriyyatının direktoru Nadir Məmmədli, Abbas Abdulla, Tamilla Abbasxanlı, Bəsdi Əlibəyli, Qəşəm Nəcəfzadə və başqaları iştirak ediblər. Tədbirdə çıxış edənlər Azərbaycan Yazıçılar Birliyi ilə İLESAM arasında əməkdaşlıq müqaviləsinin Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafına təkan verəcəyini vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi