Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər daxil olub

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər daxil olub Süleyman Rəhimov və Tofiq Bayramın şəxsi arxivi qorunub saxlanılacaq
Ədəbiyyat
9 Yanvar , 2015 17:44
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər daxil olub

Bakı. 9 yanvar. REPORT.AZ/ "Uzun danışıqlardan sonra Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun (Dədə Süleyman) şəxsi arxivinin bir hissəsini əldə edə bilmişik. Şəxsi kolleksiyanı Xalq yazıçısının yeganə oğlu Aqil Rəhimov Arxivimizin fonduna hədiyyə edib".

Bunu "Report"a Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymur deyib.

Onun sözlərinə görə, Süleyman Rəhimovun şəxsi arxivinə aid 500-dən çox sənəd və əlyazmalar Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə hədiyyə edilib. Sənədlər arasında Xalq yazıçısının fotoşəkilləri, teleqramlar, əsərlərinin surətləri və başqa qiymətli əlyazmalar var.

Direktor qeyd edib ki, Xalq yazıçısı Süleyman Rəhimovun ilk əlyazması Arxivin fonduna1967-ci ildə daxil olub. "1967-ci ildə Xalq yazıçısı Süleyman Rəhimov "Uğundu" əsərinin surətini şəxsən bizim Arxivə təqdim etmişdi. Bütün əsərlər yazıçıdan əziz xatirə kimi qorunub saxlanılır".

M.Teymur Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə daxil olan digər əlyazmaların mərhum Xalq şairi Tofiq Bayrama aid olduğunu deyib: "Yeni əlyazmaları Tofiq Bayramın həyat yoldaşı hədiyyə edib. Arxivə şairin 250-dən çox şeirlərinin əlyazması və 100-dən çox fotoşəkilləri qəbul edilib".

O, hazırda əlyazmalar üzərində iş aparıldığını deyib. 

Qeyd edək ki, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin şəxsi arxivlərinin qorunub saxlanıldığı yeganə məkandır.  

Son xəbərlər

Orphus sistemi