Yuxarı

​Ankarada “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasının təqdimatı olub

Antologiyanın Qahirədə və Minskdə də təqdimatı keçiriləcək

Bakı. 15 iyul. REPORT.AZ/ Ankarada “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasının təqdimatı keçirilib.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirdə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, TÜRKSOY-un sədri Düsen Kaseinov, Türkiyə Yazarlar Birliyi, Türkiyə Mədəniyyət Nazirliyi, Türkiyə-Azərbaycan Gənəl Mərkəzi, Kitabxanalar və Yayımlar Gənəl Müdürlüyünün nümayəndələri ilə yanaşı, tanınmış türk şair və yazıçılar, elm və sənət adamları iştirak ediblər.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Azərbaycan müasir ədəbiyyatının dolğun mənzərəsini yaradan belə bir toplunun Türkiyədə ilk dəfə nəşr olunduğunu, nəşrin bilavasitə təşkilatçısı və təsisçisi olan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində gördüyü işlər sırasında xüsusi əhəmiyyət daşıdığını bildirib. O, nəşrin hər iki ölkənin ədəbiyyat, mədəniyyət və təhsil sahəsi üçün mühüm əhəmiyyət daşıdığından, ölkələr və xalqlararası anlaşmada oynadığı mühüm rolundan danışaraq, milli ədəbiyyatların bu sayaq tanıtım nəşrlərinin bundan sonra da davam etdiriləcəyini deyib.

Tərcümə Mərkəzinin direktoru, yazıcı Afaq Məsud türk oxucusunun nəzərinə təqdim olunan bu kitabın Azərbaycan ədəbiyyatının yalnız bir mərhələsini – XX əsr müasir ədəbi prosesini əks etdirdiyini söyləyib: "Hazırda Mərkəz Azərbaycan ədəbiyyatının daha dolğun mənzərəsini – klassik dövrdən başlayaraq 2000-ci illərə qədərki dövrünü əhatə edən daha irihəcmli – üçcildlik “Azərbaycan ədəbiyyatı antologiyası”nı tərtib edib. Bu antologiyalara Azərbaycanın özündə də böyük ehtiyac var və bu nəşrlər Azərbaycanın özü üçün də bir ilkdir, onun elm, təhsil və mədəniyyəti, bu günü və tarixi üçün əvəzsiz bir töhfədir. Bu nəşrləri ilk növbədə Azərbaycan ədəbiyyatının xəritəsi, onun icmalı, daha dəqiq desək, şəxsiyyət vərəqəsi adlandırmaq olar”. 

O, həmçinin antologiyanın Qahirə və Minskdə də təqdimatının keçiriləcəyini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi