ADU-da xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib

ADU-da xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib Sonda Elçinin "Şekspir" pyesi ingilis dilində nümayiş olunub
Ədəbiyyat
30 May , 2017 15:48
ADU-da xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib
Report.az

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.

"Report" xəbər verir ki, tədbir ali təhsil müəssisəsinin İngilis dilinin üslubiyyatı və linqvodidaktika kafedrasının təşkilatçılığı ilə baş tutub. Görüşün keçirilməsində əsas məqsəd xalq yazıçısı haqqında insanların biliklərini daha da artırmaq olub. 

Sessiyanı həmin kafedranın müdiri, dosent Sevinc Zeynalova açaraq, xalq yazıçısı Elçinin yaradıcılığının xüsusiyyəti və ədəbiyyata bəxş etdiyi nümunələrdən bəxs edib. 

Daha sonra ADU-nin rektor əvəzi, professor Əfqan Abdullayev çıxış edərək bildirib ki, Elçinin əsərləri artıq dünyada tanınır: "Onun müxtəlif dillərə tərcümə edilən əsərləri Azərbaycan sərhədlərini aşaraq ədəbiyyatımızı dünyada layiqli təmsil edir və zirvəyə qaldırır. Elçinin xırda hekayələr ustası kimi əsərləri universitetin professor və tələbə kollektivinin iştirakı ilə 22 dilə tərcümə olunacaq".

Xalq yazıçısı Elçin deyib ki, görüşün iştirakçıları gənclər olduğundan tədbir onun üçün vacibdir: "Gənclərin yalnız mənim yaradıcılığım yox, mədəniyyət haqqında fikirləri mənim üçün maraqlıdır və buna görə də böyük həvəslə gəlmişəm. Burada müxtəlif dillər tədris olunur. Tələbələrin öyrəndikləri dillərdən hansı əsərləri oxuduqlarını bilmək istəyirəm".

Görüşdə ali təhsil müəssisəsinin dosent və professorlarının məruzələri dinlənilib.

"Visions of Azerbaijan" jurnalının baş redaktoru İan Peart yazıçının yaradıcılığına ingilis dilində nəzər salıb.

Sonda ADU-nun İngilis dilinin üslubiyyatı və linqvodidaktika kafedrasının müəllim və tələbə kafedrasının ifasında Elçinin "Şekspir" pyesi ingilis dilində nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi