Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ingilis şairi və dramaturqu Uilyam Şekspirin 450 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Tədbirdə Uilyam Şekspirin həyat və yaradıcılığı, müəllifi olduğu sonetlər, pyeslər haqqında məlumat verilib.
Daha sonra Tərcümə fakültəsinin tələbələrinin ifasında U.Şekspirin faciə janrında yazdığı “Romeo və Cülyetta” pyesi və dramaturqun digər pyeslərindən səhnəciklər nümayiş olunub, o cümlədən “Hamlet” əsərindən Hamletin monoloqu söylənilib.
Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev fakültənin tələbələrinin daim fəallıq göstərdiklərini söyləyib. O bu tədbirin ingilis dilində təqdim olunmasına baxmayaraq, burada yalnız ingilis dili üzrə deyil, o cümlədən digər dillər üzrə təhsil alan tələbələrin də iştirak etdiyini xatırladıb.

