ABŞ prezidenti Donald Trampla “Taliban” lideri arasında telefon danışığı olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Taliban lideri ilə danışdım. Yaxşı söhbət etdik. Zorakılığın olmaması barədə razılığa gəldik. Çünki, zorakılığı istəmirik. Görək nə olacaq?” - deyə, Tramp bildirib.
Qeyd edək ki, cari ilin fevral ayının son günü ABŞ və “Taliban” Qətərdə sülh razılaşmasını imzalayıb. Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, “Taliban”ın zorakılıqdan çəkinəcəyi təqdirdə, Birləşmiş Ştatların hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.
Əvəzində isə “Taliban” Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər “daimi və hərtərəfli barışıq” haqqında da razılığa gəliblər.