Yuxarı

Səudiyyə Ərəbistanı “Amazon” rəhbərinin telefonunun “qırılması”nda iştirakı ilə bağlı ittihamları rədd edib

​Səudiyyə Ərəbistanı “Amazon” rəhbərinin telefonunun “qırılması”nda iş

47

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi krallığın “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun telefonunun “qırılması”nda əli olması barədə məlumatı təkzib edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “Tvitter” hesabında bildirib.

“Bu yaxınlarda KİV-də Ceff Bezosun telefonuna haker hücumunun arxasında krallığın dayanması ilə bağlı yayılmış xəbərlər absurddur. Bütün həqiqətləri bilmək üçün bu iddialarla əlaqədar istintaq aparılmasına çağırırıq”, - bəyanatda deyilir.

“Amazon” məsələyə şərh verməkdən imtina edib.

Bununla yanaşı, BMT-nin ABŞ və Səudiyyə Ərəbistanını bu hadisəni araşdırmağa çağıran bəyanat verməyi planlaşdırdığı bildirilir. Bəyanatın məhkəmədənkənar edamlar üzrə xüsusi məruzəçi Aqnes Kallamar və söz azadlığı üzrə xüsusi məruzəçi Devid Kaye tərəfindən veriləcəyi gözlənilir. Xüsusi məruzəçilər Səudiyyə Ərəbistanının “Amazon” şirkətinin baş direktoru Ceff Bezosun mobil telefonunu “qırmaqda” iştirak etdiyini göstərən araşdırmanın nəticələrinin etibarlı olduğunu bildirmək niyyətindədirlər.

Daha əvvəl “The Guardian” qəzeti Ceff Bezosun telefonunun, ehtimal ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud tərəfindən göndərilən zərərli fayldan istifadə edilməklə “qırıldığını” yazmışdı. Casus proqramı Bezosun telefonuna 2018-ci ilin may ayında səudiyyəli vəliəhdin “WhatsApp” tətbiqi vasitəsi ilə göndərdiyi iddia edilən video faylı vasitəsilə yüklənə bilərdi. Çünki bundan sonrakı bir neçə saat ərzində “Amazon”un rəhbərinin telefonundan xeyli sayda fayl yüklənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi