Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiya Suriyada "S-300" zenit-raket kompleksi quraşdırdıqdan sonar Bəşşar Əsəd rejimi ilə əlaqələndirilmədən Suriyanın hava məkanına icazəsiz daxil olan təyyarələr vurulacaq.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Küveytin "Er-Rai" media qurumu məlumat yayıb.
Məlumata görə, Moskva, Tehran və Bəşşar Əsəd rejimi Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsinə qarşılıq verməyə hazırlaşır.
Mütəxəssislər "Dəməşqin icazəsi olmadan Suriyanın hava sərhədini keçən təyyarənin vurulması" planının İŞİD-ə qarşı mübarizə aparan koalisya qüvvələrinin hava əməliyyatına da mane olacağını ehtimal edir.
Xəbərdə bildirilib ki, İran İnqilab Keşikçiləri Qvardiyasının 4 min hərbçisi Suriyaya göndərilib. Suriyanın Rakka bölgəsində keçiriləcək hava əməliyyatına iranlı qvardiyaçılar qurudan dəstək verəcəklər.