Yuxarı

İraqın şimalına uçuşu dayandıran şirkətlərin sayı artıb

İraqın şimalına uçuşu dayandıran şirkətlərin sayı artıb
Ərbil hava limanına sentyabrın 29-dan etibarən beynəlxalq reyslər dayandırılacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ İraqın şimalındakı muxtariyyətin mərkəzi şəhəri Ərbilin hava limanına sentyabrın 29-dan etibarən beynəlxalq reyslər dayandırılacaq.

“Report” “France-Presse”ə istinadən xəbər verir ki, bunu İraqın şimalındakı yerli hökumətin hava limanının direktoru Talar Faik Saleh bildirib.

Qeyd edək ki, rəsmi Bağdad İraqın şimalındakı hökumətin təşəbbüsü ilə keçirilən “referendum”dan sonra bölgədəki bütün sərhəd məntəqələri və hava limanlarını mərkəzi hakimiyyətin nəzarəti altına verilməsini tələb etmişdi. Bunun üçün bölgədəki hökumətə 72 saat vaxt verilmişdi. Onda Ərbil rəsmi Bağdadın irəli sürdüyü ultimatumu rədd etmişdi.

İraq Mülki Aviasiya Təşkilatı xarici hava şirkətlərini sentyabrın 29-dan etibarən ölkənin şimalındakı Ərbil və Süleymaniyyə hava limanlarına uçuşların dayandırılması ilə bağlı məlumatlandırıb. Misirin “Egypt Air”, Livanın “Middle East Airlines”, İordaniyanın “Royal Jordanian Airlines”, Birləşmiş Ərəb Əmirliklərinin “Fly Dubai”, Türkiyənin “Turkish Airlines”, “Atlas Global” və “Pegasus”, Qətərin “Qatar Airways” hava şirkətləri artıq uçuşları dayandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi